...

Elman Rüstəmov neftin qiymətinin azalmasının Azərbaycan iqtisadiyyatına təsirinə aydınlıq gətirdi

Energetika Materials 18 Noyabr 2014 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbirlər Maksim Tsurkov, Elçin Mehdiyev/

Son 10 ildə 3 dəfədən çox artan Azərbaycan iqtisadiyyatı inkişaf tempinə görə dünya liderlərindən birinə çevrilib. Cari ildə ölkə iqtisadiyyatı davamlılıq və sabitlik nümayiş etdirib. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Milli Məclisdə "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, 2015-ci il dövlət büdcəsinin müzakirəsi dünya iqtisadiyyatının qeyri-müəyyənliyi və qeyri-sabitliyi fonunda keçirilir: "Bir çox inkişaf etmiş ölkələrdə iqtisadiyyatın artım prosesinin canlandırılması üçün ciddi tədbirlər görülüb. Son illər qabaqcıl ölkələrdə dövlət xərclərinin azaldılması prosesinin və fiskal konsolidasiyanın aparılması büdcə kəsirini və dövlət borclarını normallaşdırmağa imkan verib. Lakin bu, iqtisadi artım dinamikasının itirilməsi hesabına baş verdi".

E.Rüstəmov qeyd edib ki, dünyada gərgin geosiyasi vəziyyəti nəzərə alaraq, Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq maliyyə institutları bir çox ölkələrdə iqtisadi artım proqnozunu azaldıblar: "İnkişaf etmiş ölkələr üzrə aprel ayının proqnozu dəyişməyərək cari ildə 1,8 faiz səviyyəsində qalıb. Bu proqnoz inkişaf etməkdə olan ölkələr üçün aşağı endirilib".

AMB sədri əlavə edib ki, cari ildə dünya bazarlarında malların qiyməti ucuzlaşıb: "Bu ilin ilk 9 ayında malların qlobal qiymət indeksi 8 faizdən çox azalıb. Ərzaq mallarının qiymət indeksi 8,5 faiz, metalın qiymətləri isə təqribən 10 faiz azalıb. Azərbaycanın makroiqtisadiyyatı baxımından bizi maraqlandıran neftin qiyməti təqribən 20 faiz azalıb. Bir tərəfdən, OPEK-ə daxil olmayan ölkələrdə neft hasilatının artması, digər tərəfdən isə əsas neft istehsalçılarında istehsal səviyyəsinin azalması müşahidə olunur. Bununla da qiymətin aşağı düşməsi tələbat və təklifə əsaslanır".

O bildirib ki, Azərbaycanda iqtisadiyyata kontr-dövri yanaşma tətbiq edilir: "İqtisadi təcrübədə dövri və kontr-dövri yanaşmalar mövcuddur. İqtisadiyyat dövri inkişaf edir. İqtisadiyyatın yüksəlişi enişlərlə növbələnir. Dövri yanaşma o deməkdir ki, əgər hazırda neftin qiyməti yüksəkdirsə, ölkənin və ya maliyyə institutunun vəziyyəti yaxşıdırsa, o, çoxlu pul xərcləyir və ehtiyat toplamır. Kontr-dövri yanaşma isə o deməkdir ki, əgər neftin qiyməti yüksəkdirsə, ölkə və ya maliyyə institutları yaxşı gəlirlər əldə edirsə, onlar gələcək barədə düşünürlər və ehtiyat toplayırlar. Azərbaycan iqtisadiyyatı son 10-15 ildə məhz kontr-dövri yanaşma tətbiq edir. İnfrastrukturun inkişafı üzrə layihələrin ətraflı maliyyələşdirilməsi ilə yanaşı, ehtiyat səviyyəsi çox yüksəkdir və ölkənin yaratdığı strateji valyuta ehtiyatları ölkəyə neftin qiymətində eniş və yüksəlişi nəzərə alaraq, iqtisadi inkişafını yubandırmamağa və müxtəlif layihələri maliyyələşdirməyə davam etməyə, eləcə də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə imkan verir".

E.Rüstəmov vurğulayıb ki, hazırda neftin qiymətinin aşağı düşməsinin uzun müddət davam etməsi üçün fundamental səbəblər yoxdur: "Beynəlxalq Valyuta Fondu gələn il neftin qiymətini 1 barelə görə təqribən 90 dollar səviyyəsində proqnozlaşdırılır. 1998-ci ildə neftin qiyməti 8 dollaradək enmişdi, 2008-ci ildə qiymətlər qısa müddət ərzində 150 dollardan 35 dollaradək azalmışdı. Bütün bunlar qısa vaxt kəsiyində davam etmişdi. Hər iki halda Azərbaycan iqtisadiyyatın davamlılığını və sabitliyini nümayiş etdirdi. Əminəm ki, bu dəfə də neftin qiymətinin azalmasına baxmayaraq, Azərbaycanın güclü iqtisadiyyatı bu proseslərə hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti