...

SOCAR prezidenti İran nümayəndə heyəti ilə görüşüb

Energetika Materials 12 İyun 2015 17:17 (UTC +04:00)
İyunun 12-də SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev İranın Neft Nazirinin muavini Amirhosseyn Zamaniniya və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
SOCAR prezidenti İran nümayəndə heyəti ilə görüşüb

Azərbaycan, Bakı, 12 iyun /Trend/

İyunun 12-də SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev İranın Neft Nazirinin muavini Amirhosseyn Zamaniniya və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, R.Abdullayev son zamanlar Azərbaycanla İran arasında münasibətlərin - iqtisadiyyatın müxtəlif sahələrində daha da genişlənməsi, xüsusilə iki ölkənin neft-qaz sektoruna daxil olan şirkətlər arasında əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində dialoqun intensivləşməsini və bu prosesdə qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd edib.

SOCAR-ın İran şirkətləri ilə əlaqələrinə toxunan R.Abdullayev iki dövlətin tarixən mövcud olmuş dostluq əlaqələrindən söz açıb, neft sənayesi mütəxəssisləri arasında yaranmış həmkar münasibətlərinin daha da dərinləşməsinin vacibliyini qeyd edib.

İranın Neft Nazirinin muavini A.Zamaniniya Azərbaycana "Bakı 2015" Birinci Avropa oyunlarının açılış mərasimində iştirak etmək məqsədi ilə gəldiklərini söyləyərək, bu böyük tədbirin qardaş Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. SOCAR prezidenti Bakının bu il Avropa oyunlarına, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini Azərbaycanın dünyada bir idman ölkəsi kimi yüksək mövqe qazanmasının bariz təzahürü kimi qiymətləndirib.

Qonaq Bakıya ilk dəfə səfər etdiyini və burada qədimliklə müasirliyin ahəngdar vəhdətindən böyük təəssürat qazandığını nəzərə çatdırıb, İran şirkətlərinin Azərbaycanın neft-qaz sektorunda göstərdikləri səmərəli fəaliyyət üzərində xüsusi dayanaraq, iki qonşu ölkənin bu sahədə zəngin təcrübəyə malik olduqlarını və həmin təcrübənin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial yaratdığını ifadə edib.

SOCAR prezidenti R.Abdullayev Azərbaycanın misilsiz sosial-iqtisadi yüksəliş mərhələsini yaşadığını nəzərə çatdırıb, əsası xalqımızın milli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyası çərçivəsində qazanılan nailiyyətlər haqqında iranlı qonaqlara ətraflı məlumat verib. O, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən, enerji sektorunda əlaqələrin dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğunu söyləyib, neft-qaz sənayesində əməkdaşlığın iki ölkənin iqtisadi inkişafına daha böyük töhfələr verəcəyinə əminliyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti