Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir Maksim Tsurkov/
SOCAR Yunanıstanın qazpaylayıcı operatoru DESFA-da pay əldə etməkdə maraqlı olduğunu təsdiqləyib. İlin sonunadək sazişin imzalanacağı ehtimal edilir.
Trend-in "Reuters" agentliyinə istinadən verdiyi xəbərə əsasən, bu barədə Yunanıstan Özəlləşdirmə Agentliyi (HRADF) məlumat yayıb.
Məlumatda bildirilir ki, Afina SOCAR-ın DESFA-da 66 %-lik pay əldə etmə variantını nəzərdən keçirib. Avropa İttifaqının (Aİ) tələblərinə uyğun olaraq, bu variantda 17 % Yunanıstan hökumətinə və ya üçüncü tərəfə verilir.
HRADF-in bəyanatında qeyd olunur ki, agentliyin nümayəndələri və "Hellenic Petroleum" şirkəti çərşənbə günü SOCAR nümayəndələri ilə görüş keçirib. Görüşdə tərəflər sazişin bağlanmasında istəkli olduqlarını təsdiq ediblər.