Bakı. Trend:
SOCAR-ın dəvəti ilə "Özbəkneftqaz" Səhmdar Cəmiyyətinin (SC) mütəxəssislərindən ibarət işçi qrupu Bakıya gəlib.
Trend-in "UZDAILY"yə istinadən verdiyi məlumata görə, işgüzar səfər “Özbəkneftqaz” SC ilə SOCAR arasında neft və qaz sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanmış 5 iyul 2022-ci il tarixli “Yol xəritəsi”nə uyğun olaraq təşkil olunub.
Səfərin məqsədi karbon emissiyalarının, qazma tullantılarının və neft şlamlarının azaldılması, o cümlədən lay sularının təmizlənməsi sahəsində həyata keçirilən layihələrlə tanış olmaqdır.
Səfərin ilk günü “Özbəkneftqaz” SC-nin işçi qrupunun “SOCAR”ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə ilə görüşü təşkil olunub. Avropa Emissiya Ticarət Sistemi çərçivəsində istehsalat obyektlərinə səfərlər, o cümlədən sertifikatlaşdırma və emissiyaların ticarəti proqramı müzakirə edilib.
Onlar Tullantıların İdarəedilməsi Mərkəzinə də baş çəkib, tullantı qazma məhlulunun təmizlənməsi və qiymətli sürtkü yağlarının çıxarılması üzrə Almaniyanın “Econ” zavodunun işi ilə tanış olublar.
İşgüzar səfərin yekunlarına əsasən, “Özbəkneftqaz” SC-nin mütəxəssisləri tədqiq olunan istiqamətlər üzrə SOCAR ilə gələcək əməkdaşlıq barədə razılığa gəliblər.