Bakı. Trend:
ABŞ şübhəsiz ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsini və Azərbaycanla Aİ arasında qaz ixracını ikiqat artırmaq sazişini dəstəkləyir.
Bunu Trend-ə özəl müsahibəsində Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 10-cu iclasında iştirak etmək üçün Bakıya gələn ABŞ-ın Enerji Resursları Bürosunun dövlət katibinin köməkçisinin müavini Kimberli Harrinqton deyib.
"ABŞ Cənub Qaz Dəhlizinə bu məqsədə çatmaq üçün əsas olan infrastruktur kimi baxır. Avropanın enerji təhlükəsizliyini yalnız diversifikasiya və Cənub Qaz Dəhlizi kimi təkmilləşdirilmiş marşrutların sayının artırılması ilə gücləndirmək olar. Biz əmin olmaq istəyirik ki, enerji tərəfdaşlarımıza və müttəfiqlərimizə qarşı silah kimi istifadə olunmasın. Biz bunu artıq görmüşük. Son zamanlar Avropada daha çox interkonnektorlar, o cümlədən Yunanıstan-Bolqarıstan interkonnektoru ortaya çıxıb ki, onun vasitəsilə Azərbaycan qazı tədarük edilir. Azərbaycan qazı nə qədər çox Avropa ölkəsinə çatsa, bir o qədər yaxşıdır. Bu interkonnektor Rusiyanın əvvəllər demək olar ki, inhisarda olduğu müəyyən bir ərazidə fəaliyyət göstərir. Biz bu səyləri dəstəkləməyə davam edəcəyik və düşünürük ki, Azərbaycan qazının tədarük coğrafiyasının genişlənməsi bir çox ölkələr üçün vəziyyəti dəyişəcək", - deyə o, bildirib.
ABŞ Dövlət Departamentini nümayəndəsi vurğulayıb ki, Enerji Bürosunun yaradılması üçün əsas rolunu Cənub Qaz Dəhlizi oynayıb.
"Enerji Resursları Bürosu Dövlət Departamenti üçün enerji təhlükəsizliyi, dekarbonizasiya və enerjiyə çıxış arasında əlaqə rolunu oynayır. Bürosumuzun yaradılmasına zəmin yaradan, təşviq etdiyimiz ilk layihələrimizdən biri Cənub Qaz Dəhlizi oldu. Biz həmişə deyirik ki, Azərbaycan büromuzun DNT-sində var və bu, doğrudur. Bu nazirlər görüşü və COP29 iki əsas məqsədə xidmət edir. ABŞ hökuməti on ildən artıqdır ki, Cənub Qaz Dəhlizinin dəstəklənməsində, və təbii ki, onun 2020-ci ildə tam istismara verilməsinin son mərhələləri ərzində oynadığı rolla fəxr edir", - deyə Harrinqton əlavə edib.
K.Harrinqton qeyd edib ki, o, Səngəçalda olub və bir sıra rəsmi şəxslər, o cümlədən ABŞ hökumətinin nümayəndəsi tərəfindən imzalanmış boru kəmərini görüb:
"Bu onu göstərir ki, büromuzun uzunmüddətli məqsədi regionda enerji təhlükəsizliyini gücləndirməkdir. Və bunun əsl mənası marşrutların şaxələndirilməsi və girişin şaxələndirilməsidir ki, heç bir ölkə bir enerji mənbəyindən həddən artıq asılı olmasın. Avropa tamamilə haqlı olaraq Rusiya neftindən və Rusiya qazından uzaqlaşmaq üçün bəzi mühüm məqsədlər güdür. Əslində, onun əsas məqsədlərindən biri 2027-ci ilə qədər Rusiya qazından tamamilə imtina etməkdir. Resursların müxtəlifliyi nə qədər çox olarsa, onlar bu məqsədə çatmağa bir o qədər kömək edə bilər və biz Cənub Qaz Dəhlizini bunun bir hissəsi kimi görürük. Düşünürəm ki, Avropanın bu məqsədə çatmaq üçün hələ çox işi var. Bizim Cənub Qaz Dəhlizi ilə bağlı məqsədlərimiz on il əvvəl tərəfdaşlarımız və müttəfiqlərimiz üçün enerji resurslarının şaxələndirilməsi üçün ofis yaradılan zaman olduğu kimidir".
X: @Lyaman_Zeyn
