...

TAP-dan Ukraynayadək: Cənub Qaz Dəhlizinin genişləndirilməsini sürətləndirmək vaxtıdır

Energetika Materials 20 Dekabr 2025 13:05 (UTC +04:00)
TAP-dan Ukraynayadək: Cənub Qaz Dəhlizinin genişləndirilməsini sürətləndirmək vaxtıdır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan yeni tədarük marşrutları vasitəsilə Avropanın enerji bazarındakı mövcudluğunu ardıcıl şəkildə genişləndirir və bununla da regionun enerji təhlükəsizliyini gücləndirir.

Belə ki, Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova və Ukraynanın enerji sahəsində milli tənzimləyici orqanları nəqliyyat gücləri üzrə yeni məhsulları — "Route 2" və "Route 3"ü rəsmi olaraq təsdiqləyiblər.

Qəbul edilən qərarlar Ukraynaya təbii qazın iki şaxələndirilmiş mənbədən tədarükünü təmin edir:

- Aleksandrupolis FSRU üzən terminalından mayləşdirilmiş təbii qazın (MTQ) IGB qaz kəməri vasitəsilə çatdırılması;

- Transadriatik Qaz Kəməri (TAP) ilə nəql edilən Xəzər borukəməri qazının IGB vasitəsilə nəqli

Dekabrın 22-də bütün yeni güc məhsulları — Routes 1, 2 və 3 — eyni vaxtda və rəqabət əsaslı şəkildə Regional Rezervasiya Platformasında (Regional Booking Platform, RBP) təklif olunacaq.

Xatırladaq ki, 2025-ci il dekabrın 1-dən etibarən Şimali Makedoniyada da özəl və sənaye istehlakçılarına Azərbaycan təbii qazının tədarükünə başlanılıb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "M-Gaz" və "CNG Systems" şirkətləri arasında səmərəli əməkdaşlıq nəticəsində Bolqarıstanda 2024-cü ildən uğurla həyata keçirilən layihəyə bənzər virtual qazlaşdırma üzrə pilot layihə həyata keçirilib.

Bundan əlavə, dekabrın 10-da SOCAR ilə Macarıstanın “MVM ONEnergy” şirkəti arasında Macarıstana ildə 800 milyon kubmetr təbii qaz tədarükünü nəzərdə tutan saziş imzalanıb. Bu razılaşma 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Yeni marşrutlar və sazişlər Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinə, eləcə də Balkanlara qaz tədarükü imkanları açır ki, bu da Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini bir daha təsdiqləyir. Eyni zamanda, “mavi yanacağ"a artan tələbatı ödəmək və regionun dayanıqlı enerji təhlükəsizliyini təmin etmək üçün bu infrastrukturun genişləndirilməsi istiqamətində real və vaxtında addımların atılmasına açıq-aşkar ehtiyac yaranır.

Xatırladaq ki, hələ 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin hazırkı illik 10 milyard kubmetrdən 2027-ci ilədək 20 milyard kubmetrə çatdırılması barədə memorandum imzalayıblar.Həmin vaxta az qalıb və bu məqsədə nail olmaq üçün bütün maraqlı tərəflərin fəal əməkdaşlığı və genişləndirmə planlarının icrası üzrə konkret addımlar tələb olunur.

2021-ci ildə keçirilmiş bazar testinin nəticələrinə əsasən, TAP-ın uzunmüddətli gücü 2026-cı ildən etibarən ildə 1,2 milyard kubmetr artırılacaq. Bu həcmdən 1,04 milyard kubmetr İtaliyaya, 0,16 milyard kubmetr isə Albaniyaya tədarük üçün bron edilib.

Bu ilin 4 aprelində Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının 11-ci və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü nazirlər iclasında Prezident İlham Əliyevin bildirdiyi kimi, Avropaya qaz təchizatımızın coğrafiyası birmənalı olaraq dəyişəcək çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik.

“Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Əlbəttə, mövcud qaz kəmərləri sisteminin genişləndirilməsi üzrə birgə səylər barədə də düşünməliyik. Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayəsidir. Uzunluğu 3500 kilometr olan inteqrasiya olunmuş boru kəməri sistemi bu gün bir çox ölkələr üçün enerji təhlükəsizliyinin əsas arteriyasıdır. Hazırda o, tam gücü ilə işləyir. Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP – bu dəhlizin üç tərkib hissəsi tam yüklənib. Buna görə də genişlənməyə ehtiyac var”, – deyə dövlət başçısı vurğulayıb.

Şübhəsiz ki, Azərbaycan qazını alan və təchizat həcmlərinin artırılmasında maraqlı olan Avropa ölkələri, eləcə də Azərbaycandan “mavi yanacaq” əldə etmək istəyən dövlətlər bunun üçün mövcud infrastrukturun genişləndirilməsinin zəruri olduğunu anlayırlar.

Belə ki, Avropa Komissiyasının enerji və mənzil tikintisi üzrə komissarı Dan Yorgensen Trend-ə verdiyi eksklüziv müsahibədə Aİ-nin Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünün artırılması məqsədilə tərəfdaş ölkələrlə əməkdaşlıq etdiyini diqqətə çatdırmışdı.

“Bu, xüsusilə Rusiya enerji resurslarından asılılığın azaldılması və enerji təchizatının şaxələndirilməsi istiqamətində gördüyümüz işlər fonunda son dərəcə vacibdir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Aİ Azərbaycan və digər tərəfdaş ölkələrlə birlikdə Cənub Qaz Dəhlizi vasitəsilə təbii qazın ikitərəfli ticarətinin inkişafını davam etdirmək niyyətindədir.

Rumıniya tərəfi Cənub Qaz Dəhlizinin Cənub-Şərqi Avropaya və Balkanlara doğru genişləndirilməsi üçün konkret addımların atılmasının vacibliyini vurğulayır. Macarıstan isə bildirir ki, ölkə həmişə Cənub Qaz Dəhlizinin tikintisini və gücünün artırılmasını dəstəkləyib; bu layihə təkcə Macarıstan və Mərkəzi–Şərqi Avropa regionu üçün deyil, bütün Avropa üçün əsas layihədir.

Moldova da Cənub Qaz Dəhlizinin genişləndirilməsinə və onun Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində roluna qəti dəstəyini ifadə edir. Ölkə, o cümlədən Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilən tərəfdaşlıqlar vasitəsilə alternativ tədarük marşrutları ilə əlaqələri genişləndirərək enerji müstəqilliyini gücləndirməyə çalışır.

Beləliklə, Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Avropaya Azərbaycan qazı tədarükünün artırılması təkcə kommersiya deyil, həm də strateji prioritetə çevrilir. 2027-ci ilə qədər 20 milyard kubmetr hədəfinə çatmaq üçün vaxtında və konkret addımların atılması, tərəfdaş ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və infrastrukturun modernləşdirilməsinə investisiyalar zəruridir. Azərbaycan Avropada “mavi yanacağ"a artan tələbatı qarşılamaq və enerji təchizatının şaxələndirilməsində əsas rol oynamaq qabiliyyətini göstərməyə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti