...

Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçməkdə ARDNŞ-a "PricewaterhouseCoopers" şirkəti yardım edəcək

Energetika Materials 11 Avqust 2006 18:38 (UTC +04:00)

Dövlət Neft Şirkəti və onun strukturuna daxil olan 5 ictimai əhəmiyyətli qurum 01.07.2007-ci il tarixinədək Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçməlidir. Trend in ARDNŞ-in press-relizinə istinadən verdiyi xəbərə görə, Dövlət Neft Şirkətinə bu prosesdə məsləhətləşmə xidmətlərini PricewaterhouseCoopers beynəlxalq auditor şirkəti göstərəcək.

ARDNŞ və məsləhətçi arasında bağlanmış müqaviləyə əsasən, 2006-cı ilin sonunadək PricewaterhouseCoopers şirkəti beynəlxalq aləmdəki qabaqcıl təcrübəyə müvafiq olaraq İFRS-in sonrakı mərhələsinin tətbiqi üçün maksimum zəmin yaradan məsləhət xidmətləri göstərəcək.

İlin sonunadək həyata keçirilməli olan tədbirlər Maliyyə Nazirliyi ilə razılaşdırılmış işçi proqramda müəyyən olunub:

- MHBS-nin tətbiqi üzrə uçot sisteminin təhlilinin həyata keçirilməsi;

- MHBS-yə uyğun olaraq uçot siyasətinin işlənməsi;

- Uçot siyasətinə müvafiq işçi hesablar planının hazırlanması və onun əsasında uçot registrlərinin qurulması;

- İşçi hesab planına uyğun "Hesabdarlıq üzrə Göstərişlər"in hazırlanması;

- "MHBS-na uyğun maliyyə hesabatlarının hazırlanması üzrə Təlimat"ın işlənilməsinin yerinə yetirilməsi və s.

Bu işlər mürəkkəb xarakterli olduğundan, onların yerinə yetirilməsi üçün beynəlxalq təcrübəyə malik yüksək reytinqli məsləhətçi şirkətlərin xidmətlərindən istifadə etmək zərurəti yaranıb. Məsləhətçi seçimi təkliflər sorğusu metodu ilə həyata keçirilir və PricewaterhouseCoopers-dan başqa bu prosedurda "Ernst and Younq", "Deloitte & Touche" MMC, "KPMC" MMC iştirak edib. Göstərilən işləri daha qısa müddətdə və sərfəli qiymətlə yerinə yetirməyi təklif etmiş "PricewaterhouseCoopers" şirkətinə üstünlük verilib.

Nazirlər Kabinetinin təsdiq etdiyi siyahıya görə, 20 ictimai əhəmiyyətli təşkilat 1 yanvar 2008-ci ilə qədər mühasibat uçotunu aparmağa və maliyyə hesabatının beynəlxalq standartları əsasında maliyyə hesabatını təqdim etməyə başlamalıdırlar. Onlardan yalnız ARDNŞ və neft kəməri, marketinq və iqtisadi əməliyyatlar üzrə onun tərkibinə daxil olan idarələr, "Azneft" İB, "Azneftyağ" və H.Əliyev adına neftemalı zavodları 1 iyul 2007-ci ilə qədər hazırlığı tamamlamalıdırlar.

Hazırda Dövlət Neft Şirkətinin əməkdaşları üçün mühasibat uçotunun beynəlxalq standartlarına müvafiq olaraq Maliyyə Nazirliyi tərəfindən hazırlanmış mühasibat hesabatının milli standartlarına əsasən mühasibat uçotu sahəsində treninqlər keçirilir. Həmçinin ARDNŞ mühasiblərinə də Dünya bankının texniki dəstəyi çərçivəsində yardım göstərilir.

Dövlət Neft Şirkətinin hesabatın beynəlxalq standartlarına keçməsi onun hər il beynəlxalq auditdən keçəcəyi demək deyil. ARDNŞ-də bunu zəruri hesab etmirlər. Yeri gəlmişkən, əvvəllər dünya şöhrətli auditor şirkətləri tərəfindən ARDNŞ-in maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsinə təkid edən BMİ də bu gün artıq auditin keçirilməsini tələb etmir. O cümlədən, "Şahdəniz" yatağının işlənməsi layihəsi çərçivəsində AYİB də belə bir tələb irəli sürüb. ARDNŞ-də hər il beynəlxalq auditin marketinq və iqtisadi əməliyyatlar idarəsi tərəfindən keçirilməsini kafi hesab edirlər. Bu idarə birbaşa neft-qaz layihələri üzrə müqavilələrin bağlanmasına yönəldilib. ARDNŞ müəssisələri həmçinin beynəlxalq auditor dəvət edə bilər. ARDNŞ-in bütün təsərrüfatının auditini keçirmək kifayət qədər zəhmətli işdir və böyük xərclər tələb edir. 2000-ci ilin əvvəlində ARDNŞ-in artıq belə bir təcrübəsi olub.

Xəbər lenti

Xəbər lenti