Bakı. Trend:
COP29 sədr heyəti Sloveniyada keçirilən “Bled Strategic Forum”-da iştirak edib.
Trend bu barədə “COP29 portalı”-na istinadən xəbər verir.
"COP29 icra planı üzrə həmsədri Jalə İbrahimova Sloveniyada “Bled Strategic Forum”-da qida təhlükəsizliyi və iqlim dəyişikliyi mövzusunda panel müzakirəsində iştirak etdi", - məlumatda qeyd olunub.
İbrahimovanın sözlərinə görə, "qida şəbəkəsi və kənd təsərrüfatı iqlim ambisiyalarının mərkəzində olmalı, emissiya problemlərini həll etməli və iqlim dəyişikliyi ilə mübarizədə ön cəbhədə olan fermerlərə dəstək olmalıdır."
İbrahimova bu məsələnin COP29 sədrlərinin prioritetlərindən biri olduğunu vurğulayıb və Bakıda noyabr ayında müvafiq iqlim təşəbbüslərinin müzakirə ediləcəyini qeyd edib.
"Iqlim dəyişmələri getdikcə daha ciddi hal alır. Temperatur artışı, qeyri-sabit hava şəraiti və ətraf mühitin çirklənməsi qlobal qida sistemlərinin zəifliyini artırır. Beynəlxalq icma təhlükəsiz və davamlı qida sistemini təmin etməlidir", - forumda qeyd olunub.
Qeyd edək ki, 11-22 noyabr tarixlərində Bakıda BMT-nin İqlim Dəyişmələri Çərçivə Konvensiyasının (COP29) 29-cu sessiyası keçiriləcək.