Bakı. Trend:
Bakı Fond Birjası "yaşıl" istiqrazların yerləşdirilməsində kömək etməyə hazırdır.
Trend xəbər verir ki, bu barədə Bakı Fond Birjası QSC-nin idarə heyətinin sədri Ruslan Xəlilov mətbuat konfransında bildirib.
"2-3 Azərbaycan şirkəti "yaşıl" istiqrazların buraxılışını planlaşdırır və bu şirkətlərin fəaliyyəti alternativ energetika ilə bağlıdır. Biz bu şirkətlərlə əlaqələri dəstəkləyirik. Onlar "yaşıl" istiqrazlar vasitəsilə bazardan vəsait cəlb etmək istəyirlər ki, bu da onların "yaşıl" enerji istehsalı layihələrinin kapital xərclərinin bir hissəsini maliyyələşdirmək üçün istifadə olunacaq. Onlarla iş davam etdirilir", - R.Xəlilov qeyd edib.
O, "yaşıl" istiqrazların buraxılması zamanı əldə olunan vəsaitlərin istixana qazı emissiyalarının azaldılmasına yönəlmiş tədbirləri həyata keçirmək üçün istifadə olunacağını vurğulayıb.
R.Xəlilov Bakı Fond Birjasının Azərbaycanda COP29 zamanı fəaliyyəti ilə bağlı investisiya şirkətləri və potensial qiymətli kağız emitentləri ilə bağlı bir tədbirin keçiriləcəyini qeyd edib.
"BFB BMT-nin Davamlı Fond Birjaları Təşəbbüs qrupunun üzvüdür. Bu çərçivədə davamlı inkişaf "yaşıl" təşəbbüslərin maliyyələşdirilməsi məsələləri üzrə mütəmadi görüşlər və brifinqlər keçirilir", - o əlavə edib.
Qeyd edək ki, BFB 30 ildir fəaliyyət göstərir və bu ilin yazında yeni 3 illik inkişaf strategiyası qəbul edib.