...

COP for Hope: Ən vacib hədəflərimizdən biri kənd təsərrüfatının karbon izini azaltmaqdır - Şöbə müdiri

Yaşıl iqtisadiyyat Materials 11 Noyabr 2024 16:36 (UTC +04:00)
COP for Hope: Ən vacib hədəflərimizdən biri kənd təsərrüfatının karbon izini azaltmaqdır - Şöbə müdiri
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Kənd təsərrüfatı sektoru, iqlim dəyişikliklərinin birbaşa təsir və təhdid etdiyi sahələrdən biridir.

Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi Fermerlər, Assosiasiyalar və Kooperativlərlə iş şöbəsinin müdiri Leyli Ağayeva deyib.

O bildirib ki, bununla belə, biz bu çağırışları yalnız çətinlik kimi görmürük, eyni zamanda, gələcək nəsillər üçün daha davamlı, səmərəli və müasir kənd təsərrüfatı sistemlərinin qurulması üçün bir fürsət kimi dəyərləndiririk.

“Azərbaycan kənd təsərrüfatı sektoru, bu təsirlərə qarşı mübarizədə genişmiqyaslı islahatlar həyata keçirir. Su ehtiyatlarının idarə olunması və torpaq resurslarının səmərəli istifadəsi bu islahatların mərkəzindədir. Su resurslarının səmərəli idarə olunması kənd təsərrüfatımızın əsas prioritetlərindən biridir. Aparılan islahatların, o cümlədən hazırlanan siyasətlərin əsas istiqaməti fermerlərimizin müasir texnologiyalarla dəstəklənməsi və su resurslarının davamlı, düzgün idarə olunmasıdır. İqlim dəyişikliyi ilə mübarizədə innovativ yanaşmalar və müasir texnologiyalar mühüm rol oynayır. Bu çərçivədə Azərbaycanda, suvarma sistemləri modernləşdirilir, fermerlər üçün daha səmərəli su istifadəsi imkanları yaradılər və bərpa olunan enerji mənbələrinə sərmayə qoyulur", - o əlavə edib.

Şöbə müdiri billdirib ki, həm bu tədbir, həm də COP29 çərçivəsində təşkil ediləcək bir çox tematik tədbirlər zamanı qlobal miqyasda ərzaq təhlükəsizliyi, su resurslarının idarə olunması və kənd təsərrüfatında istixana qazı emissiyalarının azaldılması kimi önəmli məsələlər müzakirə ediləcək.

“Bu müzakirələr, kənd təsərrüfatı sektorunun iqlimə uyğunlaşdırılmasında və gələcək dayanıqlığın təmin edilməsində mühüm rol oynayacaq. Qeyd etmək istəyirəm ki, COP29 çərçivəsində “Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə də iqlim dəyişikliyi və iqliməuyğun kənd təsərrüfatının mövzusuna xüsusi toxunulacaq. Diqqətinizə çatdırmaq istəyirəm ki, fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü məhz kənd təsərrüfatı sahəsində iqlim dəyişikliyinə uyğunlaşmanı dəstəkləmək məqsədilə yaradılıb. Bu təşəbbüs, kənd təsərrüfatı, qida və su ilə bağlı mövcud təşəbbüsləri, koalisiyaları və şəbəkələri bir araya gətirərək bir növ aqreqator rolunu oynayacaq. Məqsədimiz, bu sahədə təcrübə mübadiləsini təmin etmək, sinerjiləri və boşluqları müəyyən etmək, iqlim maliyyələşdirmə imkanlarını asanlaşdırmaq və yerli icmalarla, xüsusilə kənd yerlərində qadınları gücləndirməklə əməkdaşlığı təşviq etməkdir.

Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü çərçivəsində kənd təsərrüfatının davamlı inkişafı, həm yerli, həm də qlobal səviyyədə iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm bir rol oynayacaq. Bu təşəbbüsün əsas məqsədlərindən biri də kənd icmalarını gücləndirmək və onları iqlim dəyişikliyinə qarşı daha davamlı etməkdir. Bu məqsədə çatmaq üçün beynəlxalq təşkilatlarla, çoxtərəfli inkişaf bankları, vətəndaş cəmiyyətinin, o cümlədən QHT-lərin ilə sıx əməkdaşlıq etmək və yerli fermerlərə iqlimə uyğun texnologiyalar və biliklər təqdim etmək böyük əhəmiyyət daşıyır. Bu mənada, ölkəmiz üçün böyük əhəmiyyət daşıyan Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü, Azərbaycanı iqlim dostu kənd təsərrüfatı texnologiyalarının tətbiqində böyük töhfə verəcək", L. Ağayeva qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti