Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz Kanadanın Simon Fraser universitetinin professoru Tako Nietdir.
O Trend-ə açıqlamasında bildirib ki, bu konfrans dünya üzrə iqlimlə bağlı müsbət nəticələrə nail olunması üçün həqiqətən vacib bir amildir.
O, enerji sistemi ilə bağlı araşdırmalar apardığını və qalıq yanacaq olmadan müəyyən sistemlərin necə işləməsi ilə bağlı tədqiqatlar apardığını bildirib:
"Bu konfransın da heyrətamiz dərəcədə kütləvi olduğunu
düşünürəm. Konfransın 1-ci günündə çox şey baş verir. İqlim
maliyyəsinin necə bir araya gələcəyini görmək, həqiqətən, çox
maraqlıdır.
Çünki düşünürəm ki, bu konfrans dünya üzrə iqlimlə bağlı müsbət
nəticələrə nail olunması üçün həqiqətən vacib bir amildir.
Kanada dekarbonizasiya baxımından kifayət qədər yaxşı
vəziyyətdədir, lakin digər ölkələrə kömək etmək və digər ölkələrin
dekarbonizasiya istiqamətinə keçə bilməyəcəyinə əmin olmaq da
həqiqətən vacibdir. Bunun necə bir araya gəlməsi və təfərrüatları
barədə məlumatlar çox maraqlıdır".
İlk dəfədir ki, Azərbaycana səfər etdiyini deyən professor burada insanların çox qonaqpərvər olduğunu söyləyib:
"Düzdü, burada hələ bir o qədər də çox vaxt keçirməmişəm. Amma
dünən gecə İçəri Şəhərdə 1-2 saat gəzdim. Çox tarixi və maraqlı
abidələri yaxından izləmək fürsətim oldu.
Bundan əvvəl COP tədbirlərinə qatılmamışam. Bu, mənim üçün bir
ilkdir. Burada iqlim dəyişiklikləri barədə ediləcək müzakirələr çox
maraqlıdır".
Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.