...

AİB Azərbaycanda kiçik və orta biznesin "yaşıl" keçidi və inkişafını dəstəkləyir

Yaşıl iqtisadiyyat Materials 8 Oktyabr 2025 10:58 (UTC +04:00)
AİB Azərbaycanda kiçik və orta biznesin "yaşıl" keçidi və inkişafını dəstəkləyir
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda “yaşıl” keçidi və kiçik və orta biznesin (KOB) inkişafını dəstəkləyir.

Trend xəbər verir ki, bunu AİB-nın Azərbaycandakı nümayəndəliyinin direktoru Sunniya Durrani-Camal “Halal Business Forum” forumunda bəyan edib.

Onun sözlərinə görə, 58 il əvvəl əsası qoyulmuş və 69 üzv dövləti birləşdirən AİB bütün Asiya regionunda Kiçik və Orta Biznesin inkişafını aktiv şəkildə dəstəkləməyə davam edir və onları milli iqtisadiyyatların dayağı sayır.

“Bu ifadə Azərbaycan üçün də keçərlidir. Mən burada 30 mütəxəssisdən ibarət bir komandaya rəhbərlik edirəm. Komandamız özəl sektorun genişlənməsi və kiçik və orta biznesin dəstəklənməsi üzərində çalışır”, -deyə Sunniya Durrani-Camal qeyd edib.

O vurğulayıb ki, bank Azərbaycan İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və digər tərəfdaşlarla sıx əməkdaşlıq edir ki, sahibkarların zəruri resurslara, innovasiyalara və dayanıqlı inkişafa çıxışını təmin etsin.

“Biz fəaliyyətimizi yalnız maliyyələşdirmə ilə məhdudlaşdırmırıq. Məqsədimiz biznesin potensialını inkişaf etdirmək, dayanıqlı təcrübələri təşviq etmək və KOB-un çiçəklənə biləcəyi şərait formalaşdırmaqdır. Tərəfdaşlarla birgə işləməklə biz yeni iş yerlərinin yaradılmasına, inklüziv iqtisadi artıma və icmaların uzunmüddətli rifahına töhfə veririk”, -deyə AİB nümayəndəsi bildirib.

O əlavə edib ki, kiçik və orta biznes yalnız iqtisadi fəaliyyətin deyil, həm də ekoloji dayanıqlığın təmin edilməsində mühüm rol oynayır və onların prosesə cəlb olunması “yaşıl” keçidin uğuru üçün son dərəcə vacibdir.

AİB direktoru əlavə edib ki, beynəlxalq və milli tərəfdaşlar, o cümlədən Azərbaycan dövlət qurumları, biznesin ekoloji transformasiyasını dəstəkləmək üçün stimullaşdırıcı tədbirlərin, vergi güzəştlərinin və maliyyələşdirmə alətlərinin tətbiqi üzərində fəal şəkildə çalışırlar.

“COP29 çərçivəsində əsas təşəbbüslərdən biri KOB-in ‘yaşıl’ keçidinə həsr olunmuş Bakı İqlim Koalisiyası oldu və burada KOBİA mühüm rol oynadı. Qəbul edilən bəyannamədə tərəflər iki prioritet üzrə razılığa gəldilər: KOB-in potensialının gücləndirilməsi və biznesin ekoloji həllərə olan tələbatının stimullaşdırılması”, -deyə Sunniya Durrani-Camal vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti