Bakı. Trend:
Azərbaycanın Merlər Razılaşması təşəbbüsündə iştirakı milli inkişaf prioritetlərinə hörmət etməklə yanaşı, qlobal iqlim məqsədlərinə sadiqliyini nümayiş etdirir.
Trend xəbər verir ki, bu barədə bu gün Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç Bakıda Azərbaycanın Energetika Nazirliyi tərəfindən Aİ ilə birgə təşkil olunan “Merlər Razılaşması” Təşəbbüsünə dair tədbirdə çıxışı zamanı bildirib.
"Merlər Razılaşması təşəbbüsü şəhərlərə liderlik nümayiş etdirmək, iqlim öhdəlikləri götürmək və milli məqsədləri konkret addımlara çevirmək üçün möhkəm zəmin yaradır. Merlər Razılaşmasına qoşulan bələdiyyələr könüllü şəkildə istixana qazı emissiyalarını azaltmaq, iqlim dəyişikliklərinə davamlılığı artırmaq, enerji səmərəliliyini yüksəltmək və dayanıqlı həlləri inkişaf etdirmək öhdəliyi götürürlər”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, bu, sadəcə siyasi öhdəlik deyil, məlumatlara əsaslanan planlaşdırma, iqlim üzrə fəaliyyət planları, beynəlxalq əməkdaşlıq, texniki ekspertiza və maliyyələşmə imkanlarına söykənən praktik yol xəritəsidir.
“Sözügedən sazişdə Azərbaycanın iştirakı milli inkişaf prioritetlərinə hörmət etməklə yanaşı, qlobal iqlim məqsədlərinə sadiqliyini nümayiş etdirir. Enerji sektoru emissiyaların ən böyük mənbəyidir, lakin eyni zamanda dəyişikliklər üçün ən böyük potensiala malik sahədir. Əsas istiqamətlər sırasında ictimai binaların, məktəblərin, xəstəxanaların və yaşayış evlərinin enerji səmərəliliyinin artırılması, xüsusilə bələdiyyə infrastrukturunda günəş və külək kimi bərpa olunan enerji mənbələrinin inkişafı, həmçinin yerli paylayıcı şəbəkələrdə enerji itkilərinin azaldılması yer alır”, – deyə səfir vurğulayıb.
M.Kuyundziç qeyd edib ki, enerji səmərəliliyi təkcə iqlim həlli deyil: bu, bələdiyyə büdcələrinin xərclərini azaldır, enerji təhlükəsizliyini gücləndirir və ev təsərrüfatlarının elektrik enerjisi üzrə ödənişlərini aşağı salır.
