Bakı. Trend:
“Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün İtaliyanın “CESİ” şirkəti məsləhətçi şirkət seçilmişdir. Bu məsləhətçi seçimi ilə ilkin araşdırmaların 11 aylıq müddətdə aparılması planlaşdırılır, yəni texniki-iqtisadi əsaslandırma 2027-ci ilin əvvəllərində yekunlaşa bilər.
Bunu Trend-ə özəl müsahibəsində Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsi və Avropaya “yaşıl enerji” marşrutunun yaradılması nəzərdə tutulur:
“Məsləhətçi şirkətinin seçimi bu mərhələdə layihənin keyfiyyətli və vaxtında tamamlanması üçün vacibdir, çünki əsaslandırma olmadan investisiya və tikinti mərhələsinə keçmək mümkün deyil. Bu, layihənin ümumi zaman qrafikinə birbaşa təsir göstərəcək”.
Nazir müavini bildirib ki, bərpa olunan enerji sahəsində mühüm layihələrin icrası qarşıya qoyulmuş strateji hədəflərin mərhələli şəkildə reallaşdırılmasına imkan yaradır:
“Bu çərçivədə 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa edilmiş, Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə “Qaradağ” GES istismara verilmişdir.
Eyni zamanda, cari ilin 8 yanvar tarixində Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı–Abşeron” KES-in rəsmi açılış mərasimi keçirilmişdir. Qeyd olunan layihələrin uğurla icra olunması ölkəmizdə bərpa olunan enerji üzrə müəyyən edilmiş hədəflərin həyata keçirilməsində mühüm mərhələ kimi qiymətləndirilir.
“Meqa” layihə çərçivəsində “Masdar” şirkəti tərəfindən 445 MVt gücündə “Biləsuvar” GES, 315 MVt gücündə “Neftçala” GES, 240 MVt gücündə “Abşeron-Qaradağ” KES layihələri icra edilir. 2025-ci ilin 2 oktyabr tarixində “Biləsuvar” GES-də ilk günəş paneli quraşdırılmışdır. Hazırda stansiyanın tikintisi davam etdirilir”.
E. Soltanov qeyd edib ki, bununla yanaşı, digər prioritet layihələrin icrası da davam etdirilir:
“İşğaldan azad olunmuş ərazilərdə 240 MVt gücündə “Şəfəq” GES, hər biri 50 MVt gücündə “Şəms” və “Üfüq” GES layihələrinin, Naxçıvan Muxtar Respublikasında ümumi gücü 50 MVt olan 2 ədəd GES layihəsinin icrası istiqamətində işlər həyata keçirilir. Eyni zamanda, Çin Xalq Respublikasının şirkətləri ilə bərpa olunan enerji sahəsində mühüm əməkdaşlıq sənədləri imzalanıb, dənizdə və quruda bir sıra mühüm bərpa olunan enerji layihələrinin icrası nəzərdə tutulur”.
Xəzər dənizində külək enerjisi layihəsi ilə bağlı 5 müxtəlif ərazinin seçildiyini xatırladan nazir müavini hazırda həmin zonalar üzrə işlərin davam etdirildiyini söyləyib. Onun sözlərinə görə, Xəzər dənizində külək enerjisi layihələrinin həyata keçirilməsi ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi və yaşıl enerji hədəflərinə çatılması baxımından strateji əhəmiyyət kəsb edir:
“Dənizdə bərpa olunan enerji mənbələrinin texniki potensialı 157 QVt həcmində qiymətləndirilir. Sözügedən potensialdan səmərəli istifadə olunması məqsədilə bir sıra müqavilələr imzalanıb. İlkin mərhələdə Xəzər dənizində külək enerjisi layihələrinin icrası üçün potensial ərazilər müəyyən edilib, bu ərazilər üzrə müvafiq dövlət qurumlarından rəy alınıb, nəticədə sözügedən ərazilər üzrə razılaşma əldə olunub. Hazırda bu ərazilərin bərpa olunan enerji mənbələri ərazisi kimi müəyyən olunması istiqamətində işlər davam etdirilir”.
E. Soltanov həmçinin üç əsas “yaşıl enerji dəhlizi" — Xəzə-Qara dəniz-Avropa, Azərbaycan-Türkiyə-Avropa və Mərkəzi Asiya-Azərbaycan-Avropa — üzrə görülən işlərdən də bəhs edib: “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın ötürücü sistemlər operatorlarının iştirakı ilə birgə müəssisə yaradılıb. Avropanı enerji və rəqəmsal kommunikasiya baxımından Qara dənizin hər iki sahili ilə, eləcə də Xəzər dənizi regionu ilə birləşdirəcək layihənin texniki-iqtisadi əsaslandırmasının bu ilin birinci rübü ərzində yekunlaşması gözlənilir. Layihənin 1-ci seqmentinin 2032-ci ildə, 2-ci seqmentinin 2036-ci ildə, 3-cü seqmentinin isə 2040-ci ildə yekunlaşması nəzərdə tutulur. Layihənin Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) növbəti Onillik Şəbəkə İnkişaf Planına (TYNDP) daxil edilməsi ilə bağlı müraciətə müsbət cavab verilib və layihə 20.10.2025-ci il tarixində TYNDP 2026 layihə portfelində yer alıb. Növbəti mərhələdə layihəyə PCI/PMI (Qarşılıqlı və Ortaq Maraqlı Layihələr) statusunun əldə edilməsi üçün müraciət ediləcək”.
E. Soltanov vurğulayıb ki, digər iki dəhliz – “Azərbaycan-Türkiyə-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan-Avropa” da ilkin texniki-iqtisadi araşdırma və razılaşma mərhələsindədir: “Azərbaycan və Türkiyə enerji infrastrukturlarının inteqrasiyası və Naxçıvan vasitəsilə elektrik ixracının həyata keçirilməsi istiqamətində işlər davam etdirilir. Layihə çərçivəsində “Cəbrayıl” enerji qovşağının yaradılması məqsədilə 330/110/10 kilovoltluq 2x250 MVA gücündə “Cəbrayıl” yarımstansiyası tikilərək istifadəyə verilmişdir. Zəngəzur dəhlizi ilə Ermənistan və/ və ya İrandan keçməklə Cəbrayıl enerji qovşağı ilə Naxçıvanı birləşdirən 330 kV-luq elektrik verilişi xəttinin çəkilməsi və Naxçıvanda 330 kV-luq yarımstansiyanın tikilməsi nəzərdə tutulur”.
Nazir müavini müsahibəsində eyni zamanda Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış Transxəzər Enerji Dəhlizi sazişinin regionun enerji arxitekturasında üstünlüklərindən də danışıb. O vurğulayıb ki, “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” regionda enerji əməkdaşlığının daha da genişləndirilməsinə töhfə verir: “Bu saziş Mərkəzi Asiyadan böyük həcmdə enerjini Avropa bazarlarına birləşdirəcək yeni “yaşıl enerji” marşrutlarının yaradılmasına zəmin yaradır. Üç ölkənin enerji sistemlərinin daha sıx inteqrasiyası regional enerji axını və sabitliyini gücləndirə, Avropanın enerji diversifikasiyasına töhfə verə bilər. Nəticədə, əsasən qaz və digər karbohidrogen enerji mənbələrindən asılılıq azalaraq, bərpa olunan enerji payı artacaq. Bu saziş, həmçinin regional əməkdaşlığı daha da dərinləşdirərək enerji təhlükəsizliyi sahəsində yeni iqtisadi və geosiyasi üstünlüklər yaradacaqdır”.
Nazir müavini, həmçinin bu ilin əvvəlində Bakıda imzalanan Azərbaycan–İtaliya Birgə Hökumətlərarası Komissiyasının 6-cı iclasının Protokolu və bunun iki ölkə arasında yaşıl enerji sahəsində əməkdaşlığa təsirləri ilə bağlı fikirlərini də bölüşüb. O xatırladıb ki, 6-cı iclasın Protokolu ilə Azərbaycan və İtaliya arasında 73 fəaliyyət istiqamətini əhatə edən 2026–2027-ci illər üçün Əməkdaşlıq Fəaliyyət Planı təsdiqlənib: “Sözügedən Fəaliyyət Planı energetika da daxil olmaqla çoxsaylı sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Yaşıl enerji sahəsində əməkdaşlıq karbon azaldılması və bərpa olunan enerji sahəsində investisiya və texnologiya mübadiləsini stimullaşdıra bilər. “Xəzər–Qara dəniz–Avropa” Yaşıl Enerji Dəhlizi Avropaya bərpa olunan enerjinin nəqli üçün yeni marşrut yaradır və Azərbaycanın bu istiqamətdə rolunu artırır. Bu dəhliz Avropanın enerji təhlükəsizliyini gücləndirərək neft və qazdan başqa təmiz enerji mənbələrini təmin etmə potensialını genişləndirir. İtaliya və digər Avropa ölkələri üçün bu marşrut, enerji diversifikasiyası, ixrac şaxəliliyi və bərpa olunan enerjinin artan tələbatını ödəmək baxımından strateji üstünlüklər yaradır”.
E. Soltanov sonda bu il və orta perspektivdə Azərbaycanın “yaşıl enerji” siyasətində əsas prioritetlər və istiqamətlərlə bağlı bunları qeyd edib: “Azərbaycanın uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq formalaşdırılan “yaşıl enerji” siyasəti 2026-cı ildə enerjidən səmərəli istifadənin təmin edilməsini, bərpa olunan enerji mənbələrinin genişləndirilməsini, böyükmiqyaslı külək və günəş layihələrinin icrasını, enerji sektorunun mərhələli dekarbonizasiyasını, ixrac potensialının artırılmasını və regional-beynəlxalq enerji əməkdaşlığının gücləndirilməsini əhatə edir.
2030-cu ilə qədər 6 QVt, 2032-ci ilə qədər isə 8 QVt gücündə külək və günəş elektrik stansiyalarının inşası nəzərdə tutulur. Həmçinin 2030-cu ilədək Qarabağ və Şərqi Zəngəzurda hidro, günəş, külək stansiyalari və damüstü panellər hesabına istehsal gücünün 1,6 QVt-a çatacağı, nəticədə 2 milyon tondan çox emissiyanın azaldılması planlaşdırılır”.
