Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir H.Vəliyev/
"Azərbaycanın təhsil şəbəkəsi" layihəsi Cisco Networkers Awards - 2010 müsabiqəsinin finalında ikinci yer tutub. Bunu çərşənbə axşamı Azərbaycan Təhsil Nazirliyinin təhsilin informasiyalaşdırılması şöbəsinin rəisi Samir Məmmədov deyib.
Cisco-nun tərəfdaşları AzEduNet və ULTRA tərəfindən həyata keçirilən "Azərbaycanın təhsil şəbəkəsi" layihəsi Society Impacting Network nominasiyasına irəli sürülüb.
Finalda Azərbaycan "Küveytin informasiya şəbəkəsi" və "İordaniyanın milli genişzolaqlı şəbəkəsi" layihələri ilə yarışıb.
"İordaniyanın milli genişzolaqlı şəbəkəsi" layihəsi müsabiqənin qalibi olub.
Martın 29-da Bəhreyndə keçirilmiş Cisco Networkers Awards - 2010 finalçılarının müsabiqəsi inkişaf etməkdə olan bazarlara malik ölkələrdə Cisco tərəfdaşları arasında keçirilir.
Məmmədovun sözlərinə görə, birinci yeri tutan layihə çoxdan həyata keçirilir və cəmi 500 təhsil müəssisəsini əhatə edən milli layihə ilə müqayisədə geniş əhatəyə malikdir.
"Azərbaycanın təhsil şəbəkəsi" layihəsi 2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində AzEduNet tərəfindən həyata keçirilir. Layihə çərçivəsində məktəbləri, ölkənin təhsil müəssisələrini və Təhsil Nazirliyinin strukturlarını birləşdirən yüksəksürətli korporativ intranet şəbəkəsi yaradılır. Şəbəkə təhsil müəssisələrinə Təhsil Nazirliyinin İnformasiya-Resurs Mərkəzində yerləşdirilmiş elektron təhsil resurslarına və idarəetmə sistemlərinə sürətli çıxış imkanları yaradır.