...

"Azercell" şəbəkəsi Avrasiyada ən qabaqcıl yer tutdu (FOTO)

Telekommunikasiya Materials 29 İyun 2011 17:44 (UTC +04:00)
"Azercell Telekom" MMC növbəti dəfə nüfuzlu "Socrates" mükafatına layiq görülüb.
"Azercell" şəbəkəsi Avrasiyada ən qabaqcıl yer tutdu (FOTO)

Azərbaycan, Bakı, 29 iyun /Trend/

"Azercell Telekom" MMC növbəti dəfə nüfuzlu "Socrates" mükafatına layiq görülüb. Avropa Biznes Assambleyasının (EBA) təsis etdiyi bu mükafat iyunun 19-da Oksfordda keçirilən təntənəli mərasimdə təqdim olunub.

Mükafat Liderlərin Oksford Sammiti çərçivəsində şirkətin təmsilçisi Hüquq və idarə işləri departamentinin direktoru Vahid Mürsəliyevə təqdim edilib. "Azercell" telekommunikasiya sahəsindəki uğurlarına görə "Avrasiyada ən yüksək keyfiyyətli şəbəkə" nominasiyasının qalibi olub. Şirkətin təmsilçisi eyni zamanda üzərində "Azercell Telekom" MMC-nin prezidenti Ali Ağanın adı həkk olunmuş "İlin meneceri" medalı və qızıl suyundan hazırlanmış heykəlcik, EBA-nın sertifikatı və diplomu ilə də təltif olunub.

19-20 iyun tarixlərində keçirilən Liderlərin Oksford Sammitində əsas müzakirə mövzusu modern şəhərlərdə innovativ texnologiya və yeni idarəçilik modellərinin tətbiqi ilə bağlı olub. Tədbir Oksfordun tarixi bölgəsində yerləşən Seldonian Teatrında baş tutub. Dünyanın 30 nüfuzlu universitetinin nümayəndələri şəhər idarəçiliyində yeni texnologiyaların tətbiqi mövzusunda müzakirə aparıblar.

"Socrates" mükafatı EBA-nın baş direktoru, Oksford Sammitinin sədri Con Nettinq tərəfindən təqdim edilib. Nettinq Oksford Sammitinin müxtəlif kateqoriyalı menecerlər üçün xüsusi maraq kəsb etdiyini deyib: "Bu sammitin məqsədi təkcə Avropa təcrübəsinin paylaşmasından ibarət deyil. Tədbir elmi elita ilə siyasətçilər, biznesmenlər, bələdiyyə və şəhər rəhbərləri arasında praqmatik dialoqun inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir".

Avropa Biznes Assambleyası sosial tərəfdaşlıq üzrə beynəlxalq korporasiyadır. Bu qurumun təşəbbüsü ilə keçirilən Liderlərin Oksford Sammiti yeni biznes müqavilələri, təqdimatlar, ideya və texnologiyaların mübadiləsi üçün interaktiv platforma yaradır. EBA-nın təsis etdiyi "Socrates" mükafatı dünya miqyasında tanınmış iş adamlarına, biznesdə yüksək uğur qazanmış şirkətlərə təqdim olunur. Həmçinin siyasət, iqtisadiyyat və elm sahəsində ən yaxşı, bacarıqlı insanlar da "Socrates" mükafatı ilə təltif olunurlar.

Azərbaycan biznesinin Avropada müsbət imicinin gücləndirilməsində xüsusi rolu olan "Azercell" artıq ikinci dəfədir ki, bu nüfuzlu təqdimat salonunda ölkəmizin adını səsləndirir. Ötən il şirkət iki nominasiya üzrə "Socrates" mükafatına layiq görülmüşdü. Şirkətin prezidenti Ali Ağan "İlin meneceri" medalı ilə təltif olunmuşdu, "Azercell Telekom" MMC isə telekommunikasiya sahəsində qabaqcıl şirkət kimi mükafata layiq görülmüşdü.

Xəbər lenti

Xəbər lenti