Azərbaycan, Bakı, 18 may / Trend/
Azərbaycanın ilk 3G mobil operatoru olan Nar Mobile növbəti dəfə gənclərə dəstək olub. Belə ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN), Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası" keçirilib. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə günü yaydığı məlumatda deyilir.
45 komandanın iştirakı ilə keçirilən olimpiadanın final mərhələsində müvafiq olaraq 1-ci, 2- ci, 3-cü və 4-cü yerləri tutmuş komandalar 17 may tarixində keçirilən tədbirdə Nar Mobile-ın təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
"Hər zaman ölkə təhsilinə dəstək olan Nar Mobile bu gün də gənclərə, tələbələrə öz sadiqliyini nümayiş etdirdi. Bu dəfə şirkət ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qaliblərini mükafatlandırır. Bu layihədə əsas məqsədimiz gənc mütəxəssislərin gələcəkdə peşakar kadrlara çevrilməsinə dəstək olmaq və onları stimullaşdırmaqdır. Nar Mobile yarandığı gündən gənclərə və təhsilin təşviqinə yönələn layihələrə öz dəstəyini əsirgəmir. Böyük fərəh hissi ilə bildirirəm ki, Azərbaycanın çox istedadlı gəncləri var" - deyə Azerfon telekommunikasiya şirkətinin Baş Direktoru Yurgen Pitz bildirib.
Qeyd edək ki, Olimpiadanın final mərhələsində iştirak edən və xal toplayan komandalar içərisində iki nəfər xanım iştirakçı - Səbinə İsayeva və Tamilla Əliyeva - 25 aprel "İKT-də xanımlar" günü münasibətilə Azerfon şirkəti tərəfindən müsabiqədən kənar mükafatlandırılırlar.
Nar Mobile brendi ilə tanınan Azerfon telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80%-ni əhatə edir və yüksəksəviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini "3G" texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.