Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir H.Vəliyev/
Azərbaycan ərazisində "Azerspace-1" peykindən televiziya siqnalının qəbulu üçün diametri 60 santimer olan antenadan və rəqəmsal peyk resiverindən istifadə etmək kifayətdir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Azərkosmos" ASC-nin yaydığı məlumatda deyilir.
Peykin əhatə zonasına Orta Asiya, Avropa və Afrika ölkələri daxildir. Bu nəzərə alınaraq, peykin tam adı Azerspace/Africasat-1a kimi göstərilir.
Peyk Yerdən 36 min kilometr məsafədə Hind okeanı üzərində 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşəcək.
Tamamilə açılmış şəkildə peykin qabaritləri 23,6 metr x 8,9 metr x 5,6 metr təşkil edəcək. Peykin çəkisi 3,3 tondur.
STAR-2 platformasında tikilən Azerspace/Africasat-1a-nın faydalı yükü 36 transponderdən (12 24 C-band transponder və Ku-band diapazon) ibarətdir. Hər transponderin tezlik zolağı 36 MHz-dir. Peykin orbitdə istismar müddəti 15 ilədəkdir.
Operativ əməliyyatların aparılması, yeni xidmətlərin göstərilməsi, DVB-S və DVB-S2 standartında televiziya siqnallarının yayımı üçün peykin resurslarından (С transponderləri və Ku diapazonu) istifadə mümkün olacaq.
Peykdən, həmçinin VSAT təşkili üçün istifadə olunacaq. Onun əsasında teletəbabət, dintans təhsil, ikitərəfli rabitə kanalları, internet xidmətləri, hökumət rabitəsi və s. təşkil oluna bilər.
Peyk bu ilin dördüncü rübündə Cənubi Amerikanın şimal-şərqində, Fransa Qvianasında yerləşən Kuru kosmodromundan (Qviana kosmik mərkəzi) orbitə buraxılacaq.