...

Azərbaycan Sloveniyanın İKT sektoruna investisiya qoymağa hazırdır

Telekommunikasiya Materials 20 Sentyabr 2012 12:22 (UTC +04:00)
Azərbaycanın atacağı növbəti mühüm addım xaricdə informasiya-kommunikasiya texnologiyaları bazarlarında investisiyalaşdırma olacaq.
Azərbaycan Sloveniyanın İKT sektoruna investisiya qoymağa hazırdır

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın atacağı növbəti mühüm addım xaricdə informasiya-kommunikasiya texnologiyaları bazarlarında investisiyalaşdırma olacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Sloveniya Baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiyalar naziri Radovan Zerjav ilə cümə axşamı Bakıda keçirilən Azərbaycan-Sloveniya işgüzar görüşündə bildirib.

Nazirin sözlərinə görə, bunun üçün hər cür şərait yaradılıb və hökumət bu məsələdə hər cür dəstəyi göstərir.

"Sloveniya Azərbaycan investisiyalarının yönələcəyi ölkələrdən biri ola bilər, ya da hər iki ölkə üçüncü ölkəyə investisiya vəsaitlərinin yatırılmasında vahid mövqedən çıxış edə bilər", - Abbasov deyib.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayan İKT sektorunun vacibliyi və potensialı xüsusi qeyd olunub.

Öz növbəsində, Zerjav iqtisadiyyatın bir çox sahələrində ikitərəfli əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edib. Onun sözlərinə görə, Sloveniya İKT sahəsində, o cümlədən genişmiqyaslı xidmətlərin təşkili üzrə Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Hazırda Azərbaycan bazarında bir neçə Sloveniya şirkəti çalışır.

"Azərbaycan şirkətlərinin Sloveniya bazarında və Sloveniya şirkətlərinin Azərbaycan bazarında iştirakı, eləcə də bu sahədə onlara hər cür dəstək göstərilməsi məsələsini müzakirə etməyimiz vacibdir. Güman edirəm ki, şirkətlərin qarşılıqlı münasibətlərini fəallaşdırmaqla iqtisadi əlaqələri daha da uğurlu edə biləcəyik", - Zerjav bildirib.

Xəbər lenti

Xəbər lenti