...

Elmir Vəlizadə: Azərbaycan davamlı inkişafın təmin olunması üçün innovasiya yolunu seçib

Telekommunikasiya Materials 4 Dekabr 2013 14:19 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Yüksək Texnologiyalar Parkı gömrük rüsumundan azad oluna bilər.
Elmir Vəlizadə: Azərbaycan davamlı inkişafın təmin olunması üçün innovasiya yolunu seçib

Azərbaycan, Bakı, 4 dekabr / Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Yüksək Texnologiyalar Parkı gömrük rüsumundan azad oluna bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Bakıda Azərbaycan-İsrail İT forumunda bildirib.

Onun sözlərinə görə, hazırda bu məsələyə Azərbaycan hökumətində baxılır: "Ümid edirik ki, hökumət tərəfindən göstərilən dəstək və yaradılan şərait Yüksək Texnologiyalar Parkında təmsil olunan şirkətlər üçün əlverişli olacaq. Hökumət artıq texnoparkın rezidentlərinə yeddi illik müddətə vergi güzəşti təqdim edib".

E.Vəlizadənin sözlərinə görə, Azərbaycan davamlı inkişafın təmin olunması üçün innovasiya yolunu seçib. Bu məqsədlə ölkədə mühüm institusional strukturlar yaradılıb ki, onlar respublikada innovasiyanın inkişafına lazımi dəstəyin göstərilməsini nəzərdə tutur: "Belə strukturlardan biri İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondudur. O, İKT sahəsində layihələrin inkişafına lazımi dəstəyi, onlara həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda sərmayə qoyulmasına zəruri yardımı göstərməyi nəzərdə tutur".

Onun sözlərinə görə, digər istiqamətlər İT sənayesinin inkişafı üçün əlverişli mühitin yaradılmasıdır.

E.Vəlizadə hesab edir ki, əcnəbi və yerli İT şirkətlərinin cəlb olunacağı texnopark məhz bu sahədə mühüm rol oynamaq üçün yaradılıb: "Daha bir vacib amil kadr potensialının artırılmasıdır. Bunun üçün İnformasiya Texnologiyaları Universiteti yaradılıb. Hazırda universitetdə 60 tələbə təhsil alır".

Daha sonra nazir müavini qarşıdakı illərdə həyata keçiriləcək perspektivli layihələr barədə danışıb. Onların arasında Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsi, TASIM optik kabel magistralının tikintisi, telekommunikasiya peykləri, Yerin zondlama layihəsi və digərləri var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti