Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir H.Vəliyev/
Azərbaycan hökuməti yaxın vaxtlarda ölkədə genişzolaqlı internetə çıxışın inkişafı üzrə fəaliyyət planını təsdiq edəcək. Bunu Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən deyiblər.
Məlumata görə, layihə 2014-2016-cı illəri əhatə edəcək. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) layihənin I mərhələsinin reallaşdırılmasına 103 milyon manat ayırmağı planlaşdırır.
Layihənin ümumi dəyəri 450 milyon manatdan çox qiymətləndirilir. Nazirliyin planına əsasən, 2017-ci ilədək Azərbaycanın bütün yaşayış məntəqələri internetə yüksək sürətli çıxışla təmin ediləcək.
Layihənin yekun məqsədi ucqar yaşayış məntəqələri də daxil olmaqla, bütün ölkə ərazisini 10-100 meqabit/saniyə sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır ki, bu da Azərbaycana 2017-ci ilədək dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çıxmağa imkan verəcək.