...

Azərbaycanın İT şirkətləri Aİ bazarlarına çıxacaqlar

Telekommunikasiya Materials 12 Noyabr 2014 15:40 (UTC +04:00)
Macarıstanın DBH şirkəti Azərbaycan startaplarına və İT şirkətlərinə Avropa bazarlarına çıxmaqda dəstək verəcək.
Azərbaycanın İT şirkətləri Aİ bazarlarına çıxacaqlar

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Macarıstanın DBH şirkəti Azərbaycan startaplarına və İT şirkətlərinə Avropa bazarlarına çıxmaqda dəstək verəcək. Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkından deyiblər.

Bu sahədə tərəflərin əməkdaşlığı iki anlaşma memorandumu ilə möhkəmləndirilib. Həmin memorandumlar ötən gün Budapeştdə keçirilmiş Azərbaycan-Macarıstan biznes forumu çərçivəsində imzalanıb.

Memorandumlara uyğun olaraq, tərəflər vençur maliyyələşdirməsi, birgə investisiya imkanlarının yaradılması, perspektivli startap layihələrinin maliyyələşdirilməsi sahələrində əməkdaşlıq edəcəklər.
Əldə edilmiş razılaşmalar Azərbaycan şirkətlərinin Avropa İttifaqı (Aİ) bazarına inteqrasiyasına, habelə filialların açılması yolu ilə Avropa şirkətlərinin Azərbaycan bazarına çıxmasına xidmət edəcək.

Memorandumu İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondununun icraçı direktoru Elçin Zeynalov, Yüksək Texnologiyalar Parkının baş direktoru Seymur Ağayev və "DBH Group" şirkətinin rəhbəri Şandor Erdei imzalayıblar.

E.Zeynalovun sözlərinə görə, əməkdaşlığın əsas məqsədi Macarıstan şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya yatırması üçün imkanların yaradılmasından ibarətdir və Dövlət Fondu qiymətli kağızların sahibi qismində bu layihədə iştirak etməyə hazırdır.

S.Ağayevin fikrincə, "DBH Group"la əməkdaşlıq mərkəz qismində Azərbaycanın rolunun artmasına xidmət edir: "Mərkəz regional bazarlarda Avropa şirkətlərinin fəaliyyətinin genişləndirilməsinə yardım edəcək ki, bu da Azərbaycan startaplarının dünya bazarlarına inteqrasiyası üçün vacibdir".

Ş.Erdei startapların birgə hazırlanması, Azərbaycanda və regionda inkubasiya və biznes xidmətlərinin göstərilməsi barədə fikirlərini bölüşüb. Onun sözlərinə görə, Avropa bazarı ilə müqayisədə burada İT-nin yüksək artım tempi saxlanılır: "DBH Azərbaycan startaplarına onların Aİ bazarlarında möhkəmlənməsi üçün kömək edə bilər".

İmzalanan sənədə əsasən, tərəflər qarşılıqlı investisiya yatırımı, Azərbaycanda startap layihələrinin və innovativ müəssisələrin inkişafına dəstək, o cümlədən yeni yaradılan Azərbaycan şirkətlərinin beynəlxalq səviyyədə inkişafını dəstəkləmək sahəsində əməkdaşlıq edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti