Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir Hüseyn Vəliyev/
"Yüksək Texnologiyalar Parkı" MMC İT sahibkarlığa dəstək üçün vençur fondların yaradılmasını stimullaşdırır. Bu barədə Trend-ə MMC-nin icraçı direktoru Seymur Ağayev deyib.
Onun sözlərinə görə, fond lokal və xarici layihələr arasında birləşdirici halqa ola bilər.
S.Ağayev qeyd edib ki, fondun yaradılmasının əsas məqsədi regional və beynəlxalq ekosistemə inteqrasiya edə bilən düzgün mexanizmin formalaşdırılmasıdır, belə ki, innovasiyalar, innovativ ideyalar sərhəd tanımır: "Məqsədimiz innovativ ideya və texnologiyaların inkişafıdır. Bu baxımdan minimum regional layihələri birləşdirən vençur fondların yaradılması bizim üçün münasib olardı. Bu mənada yerli potensial investorlar kimi, aktiv danışıqlar apardığımız əcnəbi inverstorları da nəzərdə tuturuq".
O bildirib ki, vençur maliyyələşdirmə Azərbaycanda nisbətən yeni istiqamət olduğundan onun formalaşdırılması üçün hüquqi tənzimləmə lazımdır: "Digər ölkələrin təcrübəsini nəzərə alsaq, qanunvericiliyə lazımi dəyişiklik ediləcəyi istisna edilmir".