Azərbaycan, Bakı, 6 avqust /Trend/
Ölkənin ən iri kabel televiziyası operatoru KATV1 internet vasitəsilə televizorda telekanal və video izləmək üçün nəzərdə tutulan "MyvideoSmartBox" cihazını təqdim etdi. KATV1-dən verilən məlumata əsasən, bu "ağıllı" cihaz istənilən televizoru Smart TV-yə çevirməyə imkan verəcək.
"MyvideoSmartBox" sahibləri milli televiziya kanalların hamısını pulsuz izləyə biləcək, pullu abunəyə (ayda 10 manat) qoşulduqda isə xarici kanalları da izləmək imkanını əldə etmiş olacaqlar.
Bundan əlavə, "MyvideoSmartBox" vasitəsilə müasir film, serial, həmçinin klassik kinolarla zəngin olan myvideo.az saytının geniş videotekasına da daxil olmaq olar. Onu da qeyd etmək lazımdır ki, sözügedən "ağıllı" cihaz vasitəsilə istifadəçilərin yüklədiyi həvəskar videoları və ya brendləşdirilmiş internet-kanalları da izləmək mümkündür.
"MyvideoSmartBox"-un xüsusiyyətlərindən biri də televizordan Skype, Instagram, Facebook və Youtube kimi məşhur proqramlara çıxış imkanının olmasıdır. Məsələn, televizorun böyük ekranından istifadə etməklə Skype vasitəsilə qohum və yaxınlarınızla daha rahat ünsiyyət yaratmaq, Youtube-da müxtəlif videoları izləmək və ya Facebook-da dostlarınızla yazışmaq olar.
"Əsas məqsədlərimizdən biri dünya azərbaycanlıları üçün milli kanalları izləmək imkanını təmin etmək. "MyvideoSmartBox" bunu televizorla etməyə imkan verir ki, bu da çox rahatdır. Demək olar ki, istənilən bir azərbaycanlı dünyanın istənilən bir yerindən telekanallarımızı izləyib özünü vətənə daha yaxın hiss edə bilər. Bu məsələyə dair yardım əldə etmək məqsədilə Myvideo.az Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət etməyi planlaşdırır. Myvideo.az Azərbaycan Respublkasının xarici ölkələrdəki səfirliklərini də "MyvideoSmartBox" cihazı ilə təmin etməyə hazırdır", deyə Əli Əliyev qeyd etdi.
Qeyd etmək lazımdır ki, "MyvideoSmartBox" cihazının qiyməti 50 manat təşkil edir; xarici kanalları izləmək üçün abunə haqqı isə ayda 10 manat təşkil edir. Sözügedən cihazın seçilməsi zamanı 20 istehsalçının analoji məhsullarının texniki baxımdan müqayisəli təhlili aparılıb. Cihaz 4-nüvəli prosessorla təchiz edilib ki, bu da onun yüksək sürətliliyini təmin edir. Bu cihaz vasitəsilə 110 kanalı izləmək mümkündür. Bundan əlavə, arxivləşdirmə xidmətinin yardımılə "MyvideoSmartBox"-un istifadəçiləri istənilən telekanalın 10 günlük arxivini də izləyə bilər.
Məhsulun Azərbaycan bazarına çıxarılması çərçivəsində xarici telekanal və müxtəlif servislərlə müvafiq müqavilələr da bağlanıb.