Bakı. Trend:
"Nar" operatorunun tərəfdaşı olan "Rabitə" idman klubu uğurlar qazanmağa davam edir.
Klubun yetirmələri olan boksçular mötəbər yarışlardan qələbələrlə qayıdırlar
"Nar" operatorunun tərəfdaşı olan "Rabitə" idman klubu qələbələr seriyasına davam edir. Boks klubu özünün növbəti uğurunu gənclər arasında keçirilmiş Azərbaycan çempionatında qazanıb.
Belə ki, çempionatda iştirak edən 183 boksçu arasında daha uğurla çıxış edən klub yetirmələri "Rabitə" klubunun komanda hesabında 1-ci yerə çıxmasını təmin ediblər.
5 qızıl, 7 gümüş və 3 bürünc medal qazanmış "Rabitə" klubunu çempionatın qalibi edən boksçular arasında müxtəlif çəki dərəcələrində çıxış edərək birinci olmuş Kənan Əliyev, Ruslan Rüstəmov, Bəxtiyar Qazıbəyov, Pərviz Quliyev və Məhəmməd Abdullayev kimi gənc boksçuların adlarını çəkmək olar.
Bundan başqa, Belarusun paytaxtı Minsk şəhərində keçirilmiş beynəlxalq turnirdə "Rabitə" idman klubunun boksçusu Məsud Yusifzadə 52 kq çəki dərəcəsində qalib gəlmişdir. Klubun bir digər yetirməsi olan Teymur Məmmədov isə Macarıstanın Debreçen şəhərində keçirilmiş beynəlxalq turnirdə 81 kq çəki dərəcəsində 3-cü yerə çıxmışdır.
Qeyd edək ki, "Nar" operatoru "Rabitə" idman klubunun baş sponsorudur. Bu sponsorluq çərçivəsində mobil operator idman sahəsinə öz əvəzsiz töhfəsini verməklə yanaşı, bir sıra sosial layihələr həyata keçirir.
İdman və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsinə yönəlmiş layihə çərçivəsində "Nar" kimsəsiz və aztəminatlı ailələrdən olan 15 azyaşlı üçün "Rabitə" idman klubunda pulsuz peşəkar boks məşqlərinin keçirilməsinə dəstək oldu.
Mobil operatorun sponsorluğu ilə uşaqlar üçün peşəkar idmançıya lazım olan hər cür idman ləvazimatları təmin edildi və onların məşq zalına mütəmadi gəlib-getmələri üçün xüsusi nəqliyyat vasitəsi təşkil edildi.