...

Azərbaycan və Qazaxıstan birgə qlobal əhəmiyyətli xidmətlər yaradacaq - Malik Olcabəyov (ÖZƏL MÜSAHİBƏ)

Telekommunikasiya Materials 10 Oktyabr 2023 16:33 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan birgə qlobal əhəmiyyətli xidmətlər yaradacaq - Malik Olcabəyov (ÖZƏL MÜSAHİBƏ)
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Qazaxıstan bənzər maraq və istiqamətlərə, eləcə də, kosmik sənayedə birgə əməkdaşlıq üzrə mühüm perspektivlərə malikdir.

Bu barədə Trend-ə özəl müsahibəsində Qazaxıstanın rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye nazirinin müavini Malik Olcabəyov deyib.

"Azərbaycandan tərəfdaşlarla Yerin məsafədən zondlanmasına dair məlumat mübadiləsi üzrə uğurla əməkdaşlıq etdik. Həmçinin, razılaşmalar və memorandum formasında müvafiq hüquqi baza hazırladıq ki, bu da ölkələrimizə Yerin məsafədən zondlanması üzrə səmərəli məlumat mübadiləsi aparmağa imkan verir", - o deyib.

Onun sözlərinə görə, bu cür praktika bütün dünyada mövcuddur və geniş yayılıb.

"Əməkdaşlığımızı daha da genişləndirməyi planlaşdırırıq. Birgə qruplar yaratmaq və xidmətlərin inkişafı üzrə məlumat mübadiləsi üçün böyük perspektivlərimiz var. Həmçinin, Azərbaycanda Yerin məsafədən zondlanması sahəsində maraqlı xidmətlərin fəal inkişafını müşahidə edirik. Bu, yalnız başlanğıcdır, belə ki, bu istiqamətdə böyük perspektivlər var və bazar böyüməyə davam edir",- deyə Olcabəyov vurğulayıb.

O, Azərbaycan və Qazaxıstanın xidmət və qrupların inkişafı üzrə birgə səylərlə qlobal əhəmiyyət daşıyan xidmətlər yarada biləcəyini qeyd edib.

"Buna səmimi qəlbdən inanır və aktiv şəkildə müvafiq təkliflər hazırlayırıq. Eyni zamanda, Azərbaycandan tərəfdaşlarla fikir mübadiləsi aparır, o cümlədən, maliyyə və intellektual resurslarımızı birləşdirməklə daha çoxuna nail olacağımıza inanırıq", - o deyib.

Daha sonra o, Azərbaycan və Qazaxıstanla yanaşı, bu vacib təşəbbüslərə Türk Dövlətləri Təşkilatının (TDT) digər ölkələrinin də qoşula biləcəyini və bu sayədə bütün iştirakçılarına fayda gətirən iri meqalayihələrə başlamağın mümkün olacağını əlavə edib.

"Təşəbbüslər, o cümlədən, sənaye imkanlarının birgə yaradılması və həm ayrı-ayrı peyk texnologiyalarının, həm də bir çox peyklərin hazırlanması üzrə əməkdaşlıq müzakirə olunur. Bu əməkdaşlıqları razılaşdırmaqla yanaşmaları diversifikasiyalaşdırmaq və hər bir ölkənin peykin müəyyən tərkib hissələrinə və ya texnologiyalarına fokuslanmasına imkan vermək olar", - nazir müavini deyib.

Süni intellektin inkişafından danışan Malik Olcabəyov kosmik sahədə inkişafın xüsusən bu texnologiyalardan istifadə etməklə məlumatların emalı sahəsində mühüm dəyişikliklər vəd etdiyini vurğulayıb.

"Görüntülərin Yerdə emal edildiyi ənənəvi metodların əvəzinə, verilənlərin peyklərin göyərtəsində emalına doğru tendensiya inkişaf edir ki, bu da ən sürətli və istifadəyə hazır cavablar təqdim etməyə imkan verir. Süni intellekt bu prosesdə mühüm rol oynamaqla görüntüləri təhlil etməyə, onları digər rəqəmsal verilənlərlə uyğunlaşdırmağa və yeni perspektivlər açmağa imkan verir. Bu cür innovasiyalar kosmik sənayeyə maraq oyadacaq və bu sahədə texnologiyaların inkişafına imkan yaradacaq", - Olcabəyov deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti