...

Visa "Apple Pay" və "Google Pay"a qoşulmuş Azərbaycan banklarının siyahısının genişləndirilməsi üzərində çalışır (ÖZƏL MÜSAHİBƏ)

Telekommunikasiya Materials 27 İyun 2024 11:09 (UTC +04:00)
Visa "Apple Pay" və "Google Pay"a qoşulmuş Azərbaycan banklarının siyahısının genişləndirilməsi üzərində çalışır (ÖZƏL MÜSAHİBƏ)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Visa "Apple Pay" və "Google Pay"a qoşulmuş Azərbaycan banklarının siyahısının genişləndirilməsi üzərində çalışır.

Bu barədə Trend-ə özəl müsahibəsində VISA-nın Azərbaycan üzrə regional meneceri, baş direktoru Nurlan Hacıyev deyib.

"Tokenizasiya Azərbaycanda yalnız 2019-cu ildə işə salındı. Lakin artıq bu gün ölkədə tokenləşdirilmiş ödənişlərin yayılması bir çox digər ölkədən, o cümlədən, bu texnologiyanı daha əvvəl tətbiq etmiş ölkələrdən əhəmiyyətli dərəcədə yüksəkdir. Fəxrlə deyə bilərik ki, hazırda Azərbaycanda hər beşinci nağdsız tranzaksiya (buraya misal üçün, fiziki kartlardan istifadə etməklə ödənişlər və ya elektron kommersiya sahəsində onlayn ödənişlər daxildir) ən müasir və aparıcı metod olan təmassız üsulla həyata keçirilir. Bu, möhtəşəm göstəricidir", - Nurlan Hacıyev deyib.

Visa-nın baş direktoru qeyd edib ki, hazırda 14 Azərbaycan bankı "Apple Pay"a qoşulub və sertifikasiyadan keçib, "Google Pay"a isə 15 yerli bank qoşulub.

"Azərbaycan qısa müddət ərzində bu istiqamətdə mühüm sıçrayış edib: "Apple Pay" ölkəyə 2021-ci ildə, "Google Pay" isə 2022-ci ildə daxil olub. Şübhəsiz, ümid edirik ki, Azərbaycanda qoşulmuş bankların sayı artmağa davam edəcək. Bazarın müxtəlif oyunçuları ilə əməkdaşlıqdan məmnunuq və yeni tərəfdaşlıqlara açığıq", - deyə o vurğulayıb.

N.Hacıyevin sözlərinə görə, Visa yaxın gələcəkdə Azərbaycanda qadın sahibkarlara dəstək üzrə "She's Next Empowered by Visa" qlobal təşəbbüsü çərçivəsində yeni layihə reallaşdırmağı planlaşdırır.

"She's Next Empowered by Visa" təşəbbüsü Azərbaycanda 2021-ci ildə işə salındı və dərhal Azərbaycan qadınları arasında böyük əks-səda tapdı. Proqramın birinci dalğası elə həmin ildə icra olundu. Mindən çox azərbaycanlı qadın biznes üçün faydalı olan müxtəlif mövzularda maarifləndirici vebinarlarda iştirak edib. 2022-ci ildə biz təşəbbüsü genişləndirdik: "Visa Elevator Pitch Day" müsabiqəsini keçirdik. 600-dən çox qadın sahibkar və yenicə öz biznesini açmağı planlaşdıran qadın müsabiqədə iştirak etmək üçün ərizə göndərib.

Müsabiqənin finalı çox təsirli keçdi, bu cür emosiyaları sözlə ifadə etmək çətindir: bütün iştirakçılar çox yaxşı işlənmiş, vacib və ruhlandırıcı layihələr təqdim etdilər. Müsabiqənin iki qalibi öz bizneslərini inkişaf etdirmək üçün pul qrantı alıb. Yaxın gələcəkdə Azərbaycanda "She's Next Empowered by Visa" təşəbbüsünün artıq üçüncü dalğasını işə salmağı planlaşdırırıq", - N.Hacıyev deyib.

Visa-nın Azərbaycan üzrə regional meneceri, həmçinin, şirkətin qadın sahibkarlar üçün təqdim etdiyi digər imkanları da paylaşıb.

"Bu gün Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqazdan olan qadın sahibkarlar üçün Visa-nın "She’s Next" rəqəmsal icma platforması əlçatandır. Bu, qadın sahibkarları və qadın liderləri bir araya gətirərək, onlara netvorkinq, təcrübə mübadiləsi və biznesin beynəlxalq səviyyədə genişləndirilməsi üçün alətlər təqdim edən möhtəşəm platformadır", - deyə o əlavə edib.

VİSA-nın baş direktoru və Azərbaycan üzrə regional menecerinin sözlərinə görə, bu gün platformada mindən çox fəal iştirakçı mövcuddur.

N.Hacıyev Visa-nın Azərbaycanda nəqliyyatda nağdsız ödənişlərin inkişafını dəstəkləməyə hazır olduğunu qeyd edib.

"Artıq "Azərbaycan Dəmir Yolları" QSC, Azərbaycan Beynəlxalq Bankı və Mərkəzi Bankla birlikdə ölkədə nəqliyyat layihəsi həyata keçirmişik: Abşeron dairəvi dəmir yolunda, 14 stansiyanın daxil olduğu Bakı-Sumqayıt marşrutu üzrə təmassız ödənişləri işə salmışıq. Onların hər birində sərnişinlər gediş haqqını ödəniş kartı ilə, həmçinin, telefon, qol saatı və ödəniş üzükləri ilə ödəyə bilərlər", - deyə VİSA-nın regional meneceri bildirib.

N.Hacıyevin sözlərinə görə, layihə nağdsız ödənişlərin tətbiqinin ən uğurlu nümunələrindən birinə çevrilib və digər ölkələr də bunu örnək alır.

"Cənub-Şərqi Avropa, MDB, Ukrayna və Gürcüstan regionunda ilk dəfə olaraq "Mobility & Transit Transaction (MTT)" sistemini tətbiq etdik. Bu gün bu, nəqliyyat sahəsində ən qabaqcıl ödəniş həllidir. Qeyd etmək istərdim ki, qlobal miqyasda London və Vankuver kimi şəhərlər bu istiqamətdə liderlik edir və biz bənzər texnologiyaların Azərbaycanda tətbiqindən məmnunuq", - baş direktor deyib.

N.Hacıyev vurğulayıb ki, nəqliyyat layihələri ekosistemin müxtəlif elementlərinin kombinasiyası və inteqrasiyasını tələb edir və Visa bütün bazar oyunçuları ilə əməkdaşlığa açıq olmaqla bu sahədə təcrübə və nailiyyətlərini bölüşməyə davam etməkdən məmnundur.

Onun sözlərinə görə, son beş il ərzində Visa süni intellektin inkişafı və verilənlərin infrastrukturuna 500 milyon dollardan çox investisiya qoyub.

"Süni intellekt bu gün ən perspektivli sahələrdən biri və qlobal tendensiyadır. Visa bu sahədə qabaqcıllardan biri olmaqla, artıq 30 ildir ki, süni intellektin inkişafı və tətbiqi üzərində işləyir", - Visa-nın baş direktoru deyib.

Onun sözlərinə görə, süni intellektin əsas tətbiq sahələrindən biri ödəniş ekosisteminin təhlükəsizliyinin təmin olunmasıdır.

"Visa daha təhlükəsiz pul hərəkətini təmin etmək və fırıldaqçılığın qarşısını almaq üçün süni intellektdən istifadə edən 100 müxtəlif alət tətbiq edib, bunların arasında "Visa Advanced Authorization" həllini xüsusilə vurğulamaq istərdim. Son beş il ərzində Visa fırıldaqçılıqla mübarizə sistemlərinin inkişafına və bu cür əməliyyatların monitorinqinə 10 milyard dollar, o cümlədən süni intellekt texnologiyasına 500 milyon dollar investisiya qoyub. Bu sayədə 2023-cü ildə 40 milyard dollardan çox məbləğdə fırıldaqçılığın qarşısını almağa nail olduq ki, bu da 2022-ci illə müqayisədə təxminən iki dəfə çoxdur", - deyə regional menecer əlavə edib.

N.Hacıyev Visa-nın təkcə banklar, fintexlər və maliyyə institutları ilə deyil, həm də Azərbaycanın tənzimləyici orqanları və dövlət strukturları ilə çalışdığını qeyd edib.

"Qurmağa nail olduğumuz uğurlu tərəfdaşlıqlardan, misal üçün, Azərbaycan Milli Olimpiya Komitəsi ilə tərəfdaşlıqdan qürur duyuruq. Qarşıdan gələn Yay Olimpiya Oyunları çərçivəsində Visa Olimpiya komandamızın əsas tərəfdaşlarından biri olacaq və bununla çox qürur duyuruq. İnanırıq ki, bu il Parisdə idmançılarımız əvvəlki uğurları təsdiqləyəcək və hətta onları ötməklə Azərbaycanın idman ölkəsi olduğunu sübut edəcək", - deyə o bildirib.

N.Hacıyevin sözlərinə görə, Visa, həmçinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq edir.

"Mart ayında "Visa Cashless Forum" zamanı ilk dəfə tərəfdaşlığımızı elan etdik və müxtəlif sahələrdə, o cümlədən sosial təşəbbüslər çərçivəsində fəal əməkdaşlıq edirik", - deyə VISA-nın baş direktoru qeyd edib.

O, Azərbaycan Mərkəzi Bankının Visa-nın yerli bazardakı əsas tərəfdaşlarından biri olduğunu vurğulayıb.

"Mərkəzi Bankla bir çox birgə layihə və tədbirlərimiz var. Tərəfdaşlığımız sayəsində "Visa Token Service" təqdim olundu. Həmçinin Mərkəzi Bankın dəstəyi ilə dəmir yollarında nəqliyyat layihəsinə start verilib. Onunla birlikdə Android bazalı smartfonu POS terminala çevirən Tap to Phone texnologiyasının tətbiqi üzərində çalışmışıq. Bu yaxınlarda məktəblilər arasında maliyyə savadlılığının artırılması proqramını həyata keçirdik. Həmçinin, Mərkəzi Bank üçün müxtəlif istiqamətlər, o cümlədən ödənişlərin təhlükəsizliyi üzrə seminarlar keçirdik. Mərkəzi Bankla tərəfdaşlığımız yalnız möhkəmlənir və Azərbaycanda rəqəmsal ödənişlərin inkişafı təşəbbüslərini dəstəkləməkdən həmişə məmnunuq", - deyə N.Hacıyev vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan bazarı rəqəmsal ödənişlər sahəsində sıçrayış edib.

"Cəmi bir neçə rəqəm açıqlayım: son iki il ərzində Azərbaycanda Visa kartları ilə nağdsız tranzaksiyaların sayı 3,3 dəfə, həcmi isə 2,6 dəfə artıb", - deyə baş direktor bildirib.

O, Visa-nın ölkədə tərəfdaşlarla birgə reallaşdırdığı layihələrdən danışıb.

"Azərbaycanda son zamanlarda tətbiq etdiyimiz təşəbbüslər arasında "Visa Pay City 2.0" platformasının yenilənməsi və təkrar işə salınması yer alır. Bu platforma yüzdən çox tərəfdaşdan imtiyazlar, endirimlər və avtomatlaşdırılmış bonuslar təklif edir. O, həmçinin, tokenlərlə tranzaksiyalara yönəlib ki, bu da nağdsız ödənişlərdən istifadəni təşviq edir", - baş direktor deyib.

Onun sözlərinə görə, Visa "travel" istiqamətlərinin inkişafına böyük diqqət yetirir.

"Visa premium kart sahibləri səyahət zamanı yararlana biləcəkləri bir çox xidmət və imtiyazlara malikdir. Yayda Azərbaycanın ən böyük kurortu olan "Sea Breeze" ilə artıq müsbət ənənəyə çevrilmiş əməkdaşlığımız davam edəcək. Premium Visa kart sahiblərini kurort ərazisində xoş sürprizlər, endirimlər və əlavə imtiyazlar gözləyir", - N.Hacıyev deyib.

VISA-nın Azərbaycan üzrə regional meneceri həmçinin əlavə edib ki, Visa kiçik və orta biznesə (KOB) dəstək üçün Kapital Bank ilə birlikdə ilk dəfə Tap to Phone texnologiyasını tətbiq edib.

"Bu texnologiya NFC moduluna malik Android bazalı smartfonları POS terminallara çevirməyə imkan verir ki, bu da iri kassa aparatları satın almaq və quraşdırmaq ehtiyacını aradan qaldırır. KOB-un özü üçün rəqəmsal ödəniş imkanlarını açmasına köməklik göstərmək prioritetimiz olub və olmağa davam edir", - deyə o son olaraq bildirib.

Qeyd edək ki, Visa (NYSE: V) rəqəmsal ödənişlər sənayesində dünya lideridir. Visa 200-dən çox ölkə və ərazidə istehlakçılar, bizneslər, maliyyə institutları və hökumət qurumları arasında ödəniş əməliyyatlarını həyata keçirir. Visa-nın missiyası istehlakçıların rifahını yüksəltmək, biznes və iqtisadiyyatları inkişaf etdirmək üçün innovativ, rahat, etibarlı və təhlükəsiz ödənişlər şəbəkəsinin köməyilə dünyanı birləşdirməkdir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti