...

Bakıda "2-ci Beynəlxalq Caspian Innovation Forum” keçirilib (FOTO) (YENİLƏNİB)

Telekommunikasiya Materials 26 Noyabr 2025 15:03 (UTC +04:00)
Bakıda "2-ci Beynəlxalq Caspian Innovation Forum” keçirilib (FOTO) (YENİLƏNİB)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakıda "2-ci Beynəlxalq Caspian Innovation Forum” tədbiri keçirilib.

Trend xəbər verir ki, forum “Caspian Investment Week” çərçivəsində baş tutub.

Forumda innovasiya, texnologiya, süni intellekt və dayanıqlı inkişaf sahələrində fəaliyyət göstərən Xəzər, Qara dəniz və Baltik regionunun aparıcı şirkətləri, həmçinin diplomatik missiya nümayəndələri iştirak ediblər.

Forumda çıxış edən "Caspian Energy Club"un İdarə Heyətinin sədri və Qrupun baş icraçı direktoru Telman Əliyev bildirib ki, Azərbaycan Milli Biznes Assosiasiyasının təsis edilməsi üzrə işlərimizi davam etdiririk.

"Milli Biz" brendi altında vahid ekosistem yaradacağıq ki, həm Azərbaycanda, həm də dünyanın 100 ölkəsində fəaliyyət göstərən yerli sahibkarları bu platforma çərçivəsində birləşdirəcəyik. 7 ildən sonra bu layihəni tamamlayıb hökumətə təhvil verəcəyik", - o bildirib.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəhbəri Davud Rüstəmov qeyd edib ki, Azərbaycan tarixində, dövlətçilik tarixində yeni bir kibertəhlükəsizlik xidməti provayderi qismində tanınan şirkətlər artıq Azərbaycanın kritik infrastrukturlarını qoruyacaqlar. Bu, çox qürurverici hadisədir.

"Çox arzulanandır ki, təhlükəsizliklə bağlı həllər təklif olunardı və biz o həllərin test olunmasında, inkişaf etdirilməsində nə qədər dəstək ola biliriksə, biz həmişə buna hazırıq", - o bildirib.

Davud Rüstəmovun sözlərinə görə, ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasında milli həllərin hazırlanması ilə bağlı bir çox bəndlər təşviq edir ki, informasiya mühafizə vasitələrinin yerli həlləri hazırlansın:

"Biz kriptoqrafik mühafizə vasitələrini xaricdən alırıq. Amma biz heç əmin deyilik ki, o kriptoqrafik mühafizə vasitələrinin içərisində onun standartı ilə bağlı təsdiqini bizə kim verəcək. Bizim test mühitinə ehtiyacımız var. Biz Milli Kibertəhlükəsizlik Mərkəzində müvafiq standartların tələblərinə uyğun ümumi meyarlar laboratoriyasını qurduq. Dekabr ayında bizim ölçmə cihazlarımızın ən son sonuncuları ölkəyə daxil olacaq. Bu cihazları almaqla yanvar ayından artıq ölkədəki testlərə də başlaya biləcəyik. Bu testlər əminəm ki, bizim təhlükəsizlik muhitimizi daha da gücləndirəcək. Kriptoqrafik mühafizə vasitələrinin doğrudan da dayanıqlı olub-olmadığını subyektlərə deyə biləcəyik".

Öz növbəsində Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli əlavə edib ki, süni intellekt 2040-cı ilədək qlobal iqtisadiyyata təxminən 20 trilyon dollara qədər əlavə dəyər qazandıra bilər.

"Dövlət qurumları və özəl sektorlar tərəfindən data əsaslı həllərə keçidin təmin edilməsi, süni intellekt həllərinin tətbiqi üçün texnoloji mühitin təmin edilməsi məqsədilə nazirlik tərəfindən superkompüter infrastrukturun qurulmasına başlanılıb", - o bildirib.

Müşavir eyni zamanda hədəflərdən də danışıb: "2030-cu ilədək hədəfimiz aydındır: tam rəqəmsallaşdırılmış sənaye bazası, yüksək ixtisaslı işçi qüvvəsi və transformasiya olunmuş iqtisadi sektor. Bu istiqamətdə artıq nazirliyin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən yerli və beynəlxalq tərəfdaşlarla birlikdə hazırlanmış "Sənaye 4.0 Hazırlıq" proqramına start verilib.

Proqramın məqsədi sənaye 4.0 texnologiyalarının inteqrasiyası, əməliyyat səmərəliliyinin artırılması və innovasiyaların təşviqi yolu ilə yerli müəssisələrin rəqabət gücünü yüksəltmək və bununla da ölkə iqtisadiyyatının ümumi inkişafına töhfə verməkdir".

Daxili İşlər Nazirliyinin (DİN) Baş İnformasiya və Kommunikasiya İdarəsinin rəhbəri Hikmət Məmmədov isə əlavə edib ki, texnoloji inkişaf olmadan kibertəhlükələrlə mübarizə aparmaq mümkün deyil.

O bildirib ki, klassik IT təhlükəsizlik sistemi artıq işləmir: "İmza əsaslı təhlükəsizlik sistemlərimiz artıq bizim süni intellektlə gücləndirilmiş, avtomatlaşdırılmış və insan psixologiyasını manipulyasiya edən kibertəhdidlər, kiberhücumlarla mübarizə apara bilmir. Bunun üçün texnoloji infrastruktur qururuq".

"Kiberdavamlılıqdan danışdıqda deyə bilərik ki, hər kəsə hücum edilə bilər. Bəziləri bunu hiss edə, bəziləri isə etməyə bilər. Bu hücumun qarşılığında göstərdiyimiz xidmətlər davam edəcək", - H. Məmmədov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti