Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi tikinti-quraşdırma xidmətləri göstərən "Azərenerji Tikinti Quraşdırma" SC-nin səhmlərinin 65,81 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Komitənin dərc etdirdiyi "Mülkiyyət" qəzetindəki məlumatda deyilir.
Müsabiqədə respublikanın hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. İddiaçılar habelə müəssisənin fəaliyyətinin bərpa edilməsinə dair təkliflər təqdim etməlidirlər.
Həmçinin iddiaçılar investisiya təklifinin beş faizi həcmində bank zəmanəti və dövlət büdcəsinə ödəniləcək 420 min manat vəsaitlə bağlı təklif təqdim etməlidirlər.
"Azerenerji Tikinti Quraşdırma" tikinti-quraşdırma işləri üzrə ixtisaslaşıb və Bakının Səbail rayonunda yerləşir.
2011-ci il oktyabrın 1-nə olan məlumata görə, SC-nin nizamnamə kapitalı 1,446 milyon manat təşkil edir. Satışa çıxarılan 723 100 səhmin hər birinin nominal dəyəri iki manatdır. İnvestisiya müsabiqəsində satışa çıxarılan səhmlərin sayı 475 857 ədəd, onların ümumi nominal dəyəri 951,7 min manatdır.
Müəssisə 4,064 milyon manat məbləğində borca malikdir. O cümlədən əmək haqqı və ona bərabər borclar 153,4 min manat, mal, iş və xidmətlərə görə borclar 3,9 milyon manat təşkil edir. Bununla yanaşı, müəssisənin debitor borcları 3,154 milyon manatdır.
İddiaçılar müsabiqənin tələbləri, özəlləşdirmə planı ilə tanış olmaq və əlavə məlumat əldə etmək üçün 9 dekabr 2011-ci il tarixinədək, saat 10:00-dan 17:00-dək aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri. Y.Səfərov küçəsi, 20. Sənədlər və təklikflər 9 dekabr 2011-ci ilədək saat 10:00-dan 17:00-dək qəbul edilir.
Təkliflərə Dövlət Komitəsinin binasında Müsabiqə Komissiyası tərəfindən 13 dekabr saat 11:00-dək baxılacaq.
Noyabrın 10-na rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.