...

Türkiyə hərbi sənayesini gücləndirməyə davam edəcək

Nəzər nöqtəsi Materials 21 Yanvar 2013 14:01 (UTC +04:00)
2012-ci il Türkiyədə bir çox sahələrdə, xüsusən də iqtisadiyyat sahəsində ciddi nailiyyətlər əldə edildi.
Türkiyə hərbi sənayesini gücləndirməyə davam edəcək

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

2012-ci il Türkiyədə bir çox sahələrdə, xüsusən də iqtisadiyyat sahəsində ciddi nailiyyətlər əldə edildi.

Ölkə daxilində aparılan islahatlar nəticəsində əldə edilən nailiyyətlərdən biri də müdafiə sənayesindədir. Belə ki, Türkiyə keçən il, Altay tankı, PKK terror təşkilatı ilə mübarizədə önəmli hesab edilə biləcək mobil forpostlar, yerli istehsal olan tapança, ANKA pilotsuz təyyarələrinin və sair hərbi sursatın istehsalına start verdi.

Hətta ölkənin Baş naziri Rəcəp Tayyip Ərdoğan Türkiyənin hərbi texnikanın mühüm ixracatçısına çevrildiyini bildirdi.

Bütün bunlarla yanaşı, Türkiyə rəsmiləri ölkədə istehsal edilən hərbi texnikanın qonşu dövlətlərdə ciddi maraq yaratdığını açıqladılar.

2012-ci ilin noyabr ayında isə Türkiyə ilə Misir arasında imzalanana razılaşmaya əsasən, Qahirənin Ankaradan 10 ədəd pilotsuz hərbi təyyarə alacağı məlum oldu.

Statistik məlumatlara əsasən, 2012-ci ildə Türkiyənin müdafiə sənayesinin ixracatı 2011-ci ilə nisbətən 35,7 faiz artaraq 1,2 milyard dollar olub.

Məlumatlarda o da qeyd olunur ki, Türkiyənin hərbi texnika ixrac etdiyi ölkələr arasında BƏƏ (101 milyon dollar) və Səudiyyə Ərəbistanı Krallığı (99 milyon dollar) da yer alır.

Bütün bunlarla yanaşı, bu ölkələr arasında hazırda Türkiyə ilə əlaqələrinin bir o qədər də yaxşı olmadığı və PKK terror təşkilatının əsas dayaq nöqtələrindən biri olan İraq da yer alır.

Ümumiyyətlə, Türkiyənin hərbi sənayedə apardığı islahatlar yeni deyil və demək olar ki, 2009-cu ildən etibarən hərbi sənayedə təkmilləşməyə start verilib və 2016-cı ildə Türkiyənin hərbi sənaye istehsalında dünyada aparıcı yerlərdən birini tutması hədəf alınıb.

Ehtimallar onu söyləməyə əsas verir ki, rəsmi Ankara müxtəlif hərbi sahələrdə daha da təkmilləşmə işləri aparacaq. Təkmilləşmə işləri aparılan sahələrdən biri də hərbi gəmiçilik sektoru olacaq. Belə ki, hərbi gəmiçilik sahəsində aparılan islahatlara yeni hərbi limanların inşası, sahil güvənliyinin qorunması üçün qayıqların inşası da daxil olacaq.

2013-cü ildə Türkiyə hərbi sənayesinin başqa sahələrində, o cümlədən havadan müdafiə sahəsində ciddi islahatların ediləcəyi gözlənilir.

Belə ki, Türkiyə Müdafiə Sənayesi Nazirliyi bu il ölkədə olan bütün hərbi texnikanın, xüsusən hərbi təyyarə və vertolyotların modernləşdirilməsini hədəfə alıb. Nazirlik bunu Türkiyədə istehsal edilən vasitələrlə həyata keçirməyi planlaşdırır. Bütün bunlarla yanaşı, nazirlik modernləşdirilən hərbi texnikanı üçüncü ölkəyə satmaq istəyindədir.

NATO-nun üzvü, regionda söz sahibi olmaq üçün real potensiala sahib Türkiyənin bundan sonra da hərbi sənayesini gücləndirəcəyi istisna edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti