...

Türkiyə iqtisadiyyatı və Taksim nümayişləri

Nəzər nöqtəsi Materials 12 İyun 2013 13:14 (UTC +04:00)
Türkiyə iqtisadiyyatı və Taksim nümayişləri
Türkiyə iqtisadiyyatı və Taksim nümayişləri

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Taksimdə etiraz aksiyalarının başlanmasından demək olar ki, 16 gün keçir və bu müddət ərzində aksiyalar bəzən səngiyir, bəzən isə daha geniş miqyasda keçirilir.

Taksim hadisələrində hakim partiyaya müxalif bütün siyasi partiyaların qatılacağı, hakimiyyətə qarşı koalisiya yaradılacağı gözlənilsə də, bu belə olmadı.

Əksinə, etiraz aksiyalarının ən qızğın vaxtında Milliyyətçi Hərəkat Partiyası (MHP) lideri Dövlət Baxçeli etirazçıların haqlı olduqlarını bəyan etməsinə baxmayaraq, təxribatlara uymamağa çağırdı.Təbii ki, MHP liderinin bəyanatı heç də hakimiyyətə yaxınlaşma anlamına gəlmir.

Dünən isə MHP lideri öz tarixi açıqlamasında Türkiyə gəncliyinin Ərdoğan hakimiyyətini devirməyə qadir olduğunu və lakin bunu 2014-cü ildəki seçkilərdə demokratik yolla edəcəyini bildirdi.

Baş verən hadisələr Türkiyə hakim partiyasının "siyasi insultu" kimi dəyərləndirilsə də, hadisələrin iqtisadi inkişafına görə dünyada 16-cı, Avropada isə altıncı yerdə olan Türkiyə iqtisadiyyatına daha ciddi zərbə vurduğu gün kimi aydındır.

Təbii ki, turizm mövsümə təsadüf edən etiraz aksiyalarında, ilk növbədə məhz turizm sektoru ciddi zərbə aldı. Türkiyə Turizm Assosiasiyası hadisələrin birinci həftəsində İstanbuldakı hotellərin 30 faiz boşaldığını bildirsə də, Ərdoğan dünən verdiyi açıqlamada İstanbulda hotellərin 80 faizinin boşaldığını bildirdi. Bu isə öz növbəsində Türkiyənin turizm sektoruna, sözün əsl mənasında zərbədir.

Təbii ki, hadisələrin iqtisadiyyata olan təsiri sadəcə bununla bitmir. Belə ki, ölkə KİV-nin verdiyi məlumatlarda Taksim hadisələrində əmanətçilərin bir sıra banklardan öz əmanətlərini geri aldığı bildirilir. Xəbərlərin rəsmi təsdiqi və geri götürlən əmanətlərin məbləği açıqlanmasa da, Türkiyə Baş nazirinin müavini Əli Babacanın bu gün banklara etdiyi müraciət xəbərlərin doğru olması ehtimalından xəbər verir.

Babacan banklara müraciətində ölkədə baş verən siyasi hadisələrə qarışmamağa və əmanətçilərə baş verənlərin əsl mahiyyətini anlatmağa çağırıb.

Əgər 2012-ci ildə ən çox əcnəbi yatırımların İstanbula edildiyi nəzərə alınarsa, onda Taksim hadisələrinin daha çox həmin sərmayələrə təsir edəcəyi də istisna edilmir.

Türkiyədəki PKK terrorçularının ölkəni tərk etməsi, atəşkəsin əldə edilməsi ilə Şərqi Anadoluda yeni iqtisadi layihələrin gerçəkləşdiriləcəyi, ölkədə Atom Eklektik stansiyalarının tikiləcəyi, Beynəlxalq Valyuta Fonduna (BVF) olan borcun bağlanılması və bir sıra nəhəng layihələrin həyata keçiriləcəyi bir vaxtda etiraz aksiyalarının "Gezi" parkında ağacların kəsilməsindən və Türkiyənin islamlaşmasından qaynaqlandığını düşünmək sadəlövhlük olardı.

Türkiyədə baş verən hadisələri izlədikdə diqqətdən qaçan, lakin önəmli olan məqamlardan biri də bu vaxta qədər ordunun səssizliyini qoruyub saxlamasıdır. Çünki müasir Türkiyə tarixinə nəzər saldıqda, demək olar ki, ölkədə baş verən bütün çevrilişlərin ordu tərəfindən həyata keçirildiyini görmək olar. Ordunun heç bir aktivlik göstərməməsi, iddia edildiyinin əksinə olaraq, Türkiyədə hər hansı bir çevrilişin olmayacağından xəbər verir.

Baş verən hadisələrdə əsas hədəf Türkiyə iqtisadiyyatını zəiflətmək və ölkənin iqtisadi baxımdan asılı vəziyyətə salmaqdır. Çünki məlumdur ki, iqtisadi baxımdan asılı olan ölkə müstəqil siyasət yetirmək imkanından da məhrumdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti