...

Kiçik Ermənistanın böyük iştahası – qonşu ölkələrə ərazi iddiaları davam edir

Nəzər nöqtəsi Materials 16 Avqust 2018 11:34 (UTC +04:00)
Görünür, Ermənistan rəhbərliyi ac xalqın qarnını belə sərsəm xülyalarla doydurmaq niyyətindədir.
Kiçik Ermənistanın böyük iştahası – qonşu ölkələrə ərazi iddiaları davam edir

Bəxtiyar Hacıyev – Trend:

Tarixi Azərbaycan torpaqlarında yaradılan, Dağlıq Qarabağ və ətraf 7 rayonumuzu işğal altında saxlayan Ermənistan hazırda da Azərbaycan Respublikasına qarşı ərazi iddialarını, təcavüzkar siyasətini davam etdirir. Lakin Yerevan bununla kifayətlənmək niyyətində deyil. Ara-sıra digər qonşu ölkələrə də ərazi iddialarını gizlətməyən Ermənistan bu “missiya”nı müxtəlif təbliğat yolları ilə xalqın beyninə yeridir, məktəb dərsliklərinə qondarma “böyük Ermənistan”la bağlı mövzular salınır, insanların daha çox olduğu yerlərdə müvafiq plakatlar asılır.

Təsadüfi deyil ki, bu yaxınlarda Yerevanın mərkəzində, “Respublika meydanı” metro stansiyasında “15 regiondan ibarət böyük Ermənistan”ın “xəritə”sinin əks olunduğu plakat asılıb. İştahaya bax – 15 region! Həmin qondarma xəritədə Azərbaycanla yanaşı, Türkiyə, İran və Gürcüstana qarşı da ərazi iddiaları açıq-aşkar öz əksini tapıb.

Fotonu amerikalı analitik Coşua Kuçera “Tvitter”dəki səhifəsində yerləşdirib:

Deməli, hər gün minlərlə erməni bu plakatın altından keçir və alt şüuruna “böyük Ermənistan” xülyası yeridilir. Görünür, Ermənistan rəhbərliyi ac xalqın qarnını belə sərsəm xülyalarla doydurmaq niyyətindədir.

Hələ Serj Sarkisyan hakimiyyətdə olarkən bəyan etmişdi ki, ermənilər müharibənin bir hissəsini edib (əlbəttə ki, Azərbaycan torpaqlarının işğalını nəzərdə tuturdu), gələcək nəsillər isə növbəti müharibələrə hazır olmalıdır. Belə çıxır ki, Sarkisyan “növbəti müharibələr” deyəndə digər qonşu ölkələrin – İran, Türkiyə və Gürcüstanın da ərazilərini işğal etməyi, heç vaxt həyata keçməyəcək qondarma “böyük Ermənistan” yaratmağı nəzərdə tuturdu. Lakin bu “missiya”nı yerinə yetirmək Sarkisyana nəsib olmadığı kimi, heç şübhəsiz ki, gələcək erməni liderlərə də qismət olmayacaq. Sarkisyan bir qədər də irəli gedərək bildirmişdi ki, əgər gələcək nəsillərin Qarabağı Azərbaycana qaytardığını bilsə, o dünyadan geri dönər.

Gülməlidir, bu gün xalqı işsizlik və yoxsulluqdan əziyyət çəkən, səfil gününə düşən ölkənin rəhbərliyi heç vaxt mövcud olmayacaq “böyük dövlət”dən dəm vurur, XXI əsrdə qonşu dövlətlərin ərazilərinə göz dikir.

Əminliklə demək olar ki, bu gün Azərbaycanın yürütdüyü uğurlu xarici və iqtisadi siyasət nəticəsində çətin vəziyyətə düşən düşmənin “böyük dövlət” arzusu gözündə qalacaq və gec-tez Dağlıq Qarabağı və ətraf 7 rayonu Azərbaycana qaytarmağa məcbur olacaq. O siyasət ki, Ermənistanı Azərbaycanın həyata keçirdiyi, təşəbbüskarı olduğu irimiqyaslı enerji və nəqliyyat layihələrdən kənarda qoyub, rəsmi Yerevanı çıxılmaz vəziyyətə salıb.

Ermənistanın yeni rəhbərliyinin isə əvvəlki səhvlərdən nəticə çıxarmağa vaxtı var. Əks təqdirdə, baş nazir Nikol Paşinyan hakimiyyətə gəlmək üçün etiraz aksiyalarına cəlb etdiyi xalqı belə plakatlarla çox aldada bilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti