...

Xanlar Fətiyev: O çətin anlarda gəncəlilər bir daha sübut etdilər ki, müstəqilliyimizin qorunması üçün bütün fədəkarlıqlara hazırdırlar

Nəzər nöqtəsi Materials 10 İyul 2019 10:09 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Həmin o çətin anlarda gəncəlilər bir daha sübut etdilər ki, dövlətini, Prezidentini sevir, müstəqilliyimizin qorunması üçün bütün fədəkarliqlara hazırdırlar.

Bu fikirləri Trend-ə Gəncədə ötən il baş vermiş terror aktlarının ildönümü ilə əlaqədar millət vəkili Xanlar Fətiyev deyib.

X.Fətiyev bildirib ki, Gəncə dövlətə və dövlətçiliyə məhəbbətin rəmzi olan qədim şəhərdir: "Düz bir il bundan əvvəl mərkəzi meydanda məkrli qüvvələr dövlətimizə və milli maraqlarımıza qarşı təhdid ola biləcək bir təxribat törətdi, qan töküldü. Ayrı-ayrı şəhər və rayonlardan olan təxminən 150-200 nəfərdən ibarət radikal bir qrup meydanda ictimai asayışı pozmağa, çaxnaşmalar yaratmağa cəhd göstərdilər və nəticədə iki yüksək rütbəli polis əməkdaşı - polkovnik İlqar Balakişiyev və polkovnik- leytenant Səməd Abbasov şəhid oldular. Bu, Azərbaycan dövlətçiliyinə qarşı məqsədli şəkildə təşkil olunmuş bir qəsd aktı idi”.

Deputatın sözlərinə görə, günü-gündən Azərbaycanın inkişafını, çiçəklənməsini, qüdrətli bir dövlətə çevrilməsini istəməyən bəzi xarici dövlətlərin xüsusi kəşfiyyat orqanları və onlara xidmət edən, terroru dəstəkləyən yerli nümayəndələri müxtəlif yollarla çaxnaşmalar salmağa, ölkədə sabitliyi, ictimai asayışı pozmağa, xaos yaratmağa çalışdılar. Lakin həmin o çətin anlarda gəncəlilər bir daha sübut etdilər ki, onlar dövlətini, Prezidentini sevir, müstəqilliyimizin qorunması üçün bütün fədəkarlıqlara hazırdırlar.

X.Fətiyev xatırladıb ki, həmin lokal xaos və qarışıqlıq heç bir saat da çəkmədi. Hüquq-mühafizə orqanlarının əməkdaşları tez bir zamanda ictimai asayişi pozanlara qarşı ciddi tədbir gördü və ixtişaş törətmək istəyənləri həbs etdilər: "Həmin hadisələr ölkə başçısı İlham Əliyevin şəxsi nəzarətində idi. Dövlət başçısı da Gəncə hadisələrinə hüquqi qiymət verdi və baş verənlərin sabitliyin pozulmasına yönələn terrorçuluq aktı olduğunu xüsusi vurğuladı. Məsələ ətrafında aparılan istintaq da bir daha sübut edir ki, bu, düşünülmüş, xüsusi hazırlanmış bir təxribat idi".

Deputat əlavə edib ki, o proseslərdə şəhər əhalisi bu xaos və ixtişaşlara dəstək göstərmədi, əksinə, baş verənləri qəti şəkildə pislədi. Bu isə bir daha sübut etdi ki, gəncəlilər dövlətçiliyimiz, müstəqillimiz, Azərbaycanın günü-gündən çüçəklənməsi və inkişaf etməsi naminə daim Prezident İlham Əliyevi dəstəkləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti