Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir M.Əliyev/
"Eurovision" mahnı müsabiqəsinin rəhbərliyi Bakıda keçiriləcək yarışma üçün tikilməsi planlaşdırılan yerlə yanaşı, ehtiyat yerin seçilməsinin vacibliyini vurğulayıb.
Trend-in məlumatına görə, ITV-dən bildirilib ki, "Eurovision"ın baş prodüseri Jon Ola Sand və müsabiqənin təşkilati rəhbəri Sietse Bekker İctimai Televiziya və Radio Yayımları Şirkətində baş direktor İsmayıl Ömərovla görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi "Eurovision-2012"-nin təşkilati, texniki, hüquqi və yaradıcılıq məsələlərini müzakirə ediblər.
Sietse Bekker görüşdə Azərbaycanda müsabiqənin harada keçiriləcəyi ilə bağlı məsələyə toxunaraq qeyd edib ki, əgər müsabiqənin keçirilməsi üçün yeni bir yer tikilirsə, tikinti işləri vaxtında başa çatdırılmalıdır. "Şou yeni tikiləcək bir məkanda keçiriləcəksə, onda hetiyat kimi "B variantı" lazımdır. Əgər hansısa səbəbdən gecikmə və ya başqa bir çətinlik ortaya çıxarsa, ehtiyat variant kimi alternativ yer olmalıdır", - Bekker bildirib.
Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Eurovision 2011" müsabiqəsinin qalibi olub.
56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms-səsvermə və professional juri seçimi nəticəsində "Eurovision 2011"-in qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared"). Bununla da Azərbaycan "Eurovision 2012" müsabiqəsini keçirmək hüququnu qazanıb.