Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İ.İsabalayeva/
"Eurovision 2012" mahnı müsabiqəsi ilə əlaqədar bu gündən Bakıda "Baku City Tour"nin (Gündəlik şəhər turu) yeni formatına başlanılıb.
Trend-in məlumatına görə, tur Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Bakı Turizm İnformasiya Mərkəzinin dəstəyi ilə keçirilir.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov jurnalistlərə bildirib ki, şəhər turu mayın sonuna qədər davam edəcək. Turlar hər gün saat 10:00-dan başlayaraq, marşrut hər saatdan bir olmaqla, axşam 20:00-dək davam edəcək. Tur mayın sonuna qədər pulsuz olacaq.
Nazir müavini deyib ki, turun müsabiqədən sonra da fəaliyyət göstərməsi nəzərdə tutulur. Növbəti aydan tur artıq ödənişli şəkildə xidmət göstərəcək.
Hər tur 3 saat 50 dəqiqə davam edəcək. Şəhər turu çərçivəsində 7 dayanacaq mövcuddur. Azadlıq meydanından başlayan turda sonrakı dayanacaqlar Qız qalası, Füzuli meydanı, İzmir parkı, Cavid parkı, Milli Məclis və Funikulyordur. Bundan sonra avtobus "Eurovision"un keçiriləcəyi arenanın yaxınlığını - Dövlət Bayrağı Meydanını dövrə vurub yenidən Azadlıq meydanına qayıdacaq. Turistlər bütün dayanacaqlarda avtobusa minə və düşə bilərlər.
Dayanacaqlara lövhələr vurulub, qutular qoyulub. Lövhələrdə marşrutun günün hansı saatlarında haradan keçəcəyi barədə məlumatlar yer alıb. Qutularda isə Bakının turist xəritəsi, müxtəlif turistik məkanlar haqqında buklet və broşürlər yerləşdirilib.
Marşrut müddətində turistləri rus və ingilisdilli bələdçilər müşayiət edəcək. Onlar yol boyu təsadüf edilən tarixi-mədəni obyektlər, tikililər, o cümlədən Şah İsmayıl Xətai prospekti, Heydər Əliyev Mərkəzi, Müasir İncəsənət Muzeyi, Musiqili Komediya Teatrı, Kukla Teatrı, Qız Qalası, İncəsənət Muzeyi, Filarmoniya bağı və s. haqqında tur iştirakçılarına ətraflı məlumatlar verəcəklər.