Azərbaycan, Bakı, 25 may /Trend, müxbir V.İmanov/
"Bakı Kristal Zalı"nın mətbuat mərkəzində Almaniyanın "Eurovision 2012" müsabiqəsində "Standing Still" ("Hərəkətsiz") mahnısı ilə çıxış edəcək təmsilçisi Roman Lobun mətbuat konfransı keçirilib.
"Bakı gözəl şəhərdir. Biz bir həftədir ki, buradayıq. Bura gəldiyimizin ikinci günü şəhəri gəzdik, görməli yerlərə baş çəkdik və Azərbaycanın gözəl yeməklərinin dadına baxdıq. Xüsusən, qoyun ətindən kabab xoşuma gəldi. Burada çox gözəl və mehriban insanlar yaşayır", - Trend-in məlumatına görə, Roman Lob bildirib.
Müğənninin sözlərinə görə, müsabiqənin ən yaxşıları İsveç, Danimarka və Norveç təmsilçiləridir.
Mətbuat konfransının sonuna yetişən "Eurovision 2010"-un qalibi Lena Mayer həmyerlisinə uğurlar arzulayıb.
Roman jurnalistlərlə görüşünü müsabiqədəki mahnısı "Standing Still"in akustik variantını təqdim etməklə yekunlaşdırıb.