...

Rəsmi Tehran və HƏMAS-ın istəklərinin əksinə olaraq, İsrail Fələstinlə sülhə nail olmaq niyyətindədir

Dünya xəbərləri Materials 29 Noyabr 2007 16:28 (UTC +04:00)
Rəsmi Tehran və HƏMAS-ın istəklərinin əksinə olaraq, İsrail Fələstinlə sülhə nail olmaq niyyətindədir

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova / İsrail ABŞ prezidenti Corc Buşun təşəbbüsü ilə bu həftə Annapolisdə keçirilən danışıqların uğursuz olması barədə rəsmi Tehranın bəyanatlarına və HƏMAS-ın Fələstin və İsrail arasında sülhə mane olmaq istəyinə baxmayaraq, Fələstinlə sülhə nail olmaq niyyətindədir.

"Dünyanın bütün ölkələri Fələstin və İsrail arasında razılaşmanın əldə olunmasını istəyir. İsrail və Fələstin də, İranın əleyhinə olmasına baxmayaraq, bu problemi müzakirə etmək istəyir" - deyə cümə axşamı İsrailin Azərbaycandakı səfiri Artur Lenk Trend ə müsahibəsində bildirib.

İran prezidenti Mahmud Əhmədinejad bəyan edib ki, Yaxın Şərq münaqişəsinin həllinə dair Amerikanın Annapolis şəhərində keçirilən konfrans uğursuz nəticələnib. "Konfransın təşkilatçıları siyasi təbliğat aparır və deyirlər ki, ərəb ölkələri sionist rejimi ilə (İsrail) bir masa arxasına əyləşib. Qoy ərəb ölkələri referendum keçirsinlər və bu xalqların öz nümayəndələrinin bu konfransda iştirakı ilə razı olub-olmadığını müəyyən etsinlər" - deyə səfir bildirib.

Annapolisdə keçirilən forumda, Rusiya da daxil olmaqla, dünyanın 40-dan çox ölkəsindən nümayəndə heyəti iştirak edib. Rusiyanı konfransda xarici işlər naziri Sergey Lavrov təmsil edib. Konfransda 12 ərəb ölkəsinin nümayəndələri, Ərəb Dövlətləri Liqasının rəhbərliyi də iştirak edib.

Forumun yekunu olaraq, ABŞ, İsrail və Fələstin hökumətləri Yaxın Şərq münaqişəsinin həllinə dair "Yol xəritəsi" adı ilə tanınan planın tələblərinin yerinə yetirilməsinə nəzarət edəcək üçtərəfli mexanizmin yaradıldığını bəyan ediblər. Bu arada ABŞ İsrail və Fələstin Milli Hökuməti tərəfindən götürülən öhdəliklərin monitorinqi və qiymətləndirilməsi ilə bağlı öz üzərinə vəzifə götürüb.

İsrailin Azərbaycandakı səfiri qeyd edib ki, bütün ölkələr, eləcə də Avropa, Yaxın Şərq, müsəlman, ərəb və xristian ölkələri, əlbəttə ki, İsrail Fələstin və İsrail arasında sülh prosesinin bərpa olunmasını istəyir.

"Əhmədinejad istədiyi bəyanatları edə bilər. Lakin İranın bütün qonşuları, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Fələstin, İordaniya və İraq konfransda iştirak edib" - deyə səfir bildirib.

Səfitr əlavə edib ki, İsrail razılıq əldə etmək və problemi 2007-ci ilin sonuna qədər həll etmək üçün əlindən gələni edəcək.

"Məncə, digər ölkələr də İsrail və Fələstin arasında razılığın əldə olunmasını dəstəkləyirlər, o cümlədən də Azərbaycan" - deyə səfir qeyd edib.

Fələstinin İslam Xalq Müqaviməti Hərəkatı (HƏMAS) bəyan edib ki, Fələstin və İsrail hökumətləri arasında Annapolisdə HƏMAS-ın iştirak olmadan keçirilən danışıqlar qeyri-məhsuldardır və HƏMAS Fələstin xalqının maraqlarına toxunmağa imkan verməyəcək və Fələstin dövlətinin yaradılması məsələsində İsrail güzəştə getməlidir. Lenk HƏMAS-ın bu bəyanatı barədə fikir bildirərək deyib: "Qəzzanı nəzarətdə saxlayan HƏMAS hələ də inanır ki, zorakılıq, terror və özünəqəsd problemin həll yoludur".

Səfir hesab edir ki, fələstinlilərin həyatının yüngülləşdirilməsinin yeganə vasitəsi danışıqlar və sülhdür.

Xəbər lenti

Xəbər lenti