Türkiyənin Dövlət naziri Cəmil Çiçək hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ölkədə Konstitusiyaya dəyişikliklər edilməsini ən çox istəyən partiya olduğunu və buna tam hazır olduqlarını bildirib. Bu haqda Türkiyənin ANADOLU informasiya agentliyi məlumat verib.
Trend -un arayışı: Konstitusiyaya ediləcək dəyişikliklərə prezidentin səlahiyyət müddətinin uzadılması, səlahiyyət müddəti bitən prezidentin yenidən nazmizədliyini irəli sürməsi, ölkədə omdusmanlıq və siyası partiyaların bağlanılmasının çətinləşdirilməsi məsələsi daxil olacaq.
Türkiyədə keçirilən 29 mart bələdiyyə seçkilərindən sonra Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan Türkiyə Konstitusiyasının dəyişikliyə ehtiyacı olduğunu bildirib. "Türkiyədə Konstitusiya dəyişikliyi qanun çərçivəsində ediləcək", - deyə Toptan bildirmişdi.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da bələdiyyə seçkilərindən sonra Konstitusiyaya qismən də olsa dəyişiklik olacağını qeyd etmişdi.
"AKP-nin Konstitusiya dəyişikliyinə hazırlığı başa çatıb. Bu məsələdə digər partiyaların dəstəyinin vacib olduğunu bildirmək istərdim", - deyə Çiçək bildirib.
Çiçək onu da qeyd edib ki, Türkiyə ictimaiyyətində hamı Konstitusiyaya dəyişikliklər edilməsini arzulayır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]