...

İranın HƏMAS-dan qazancı itirdiyindən çoxdur

Dünya xəbərləri Materials 12 Sentyabr 2009 09:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir D.Xatınoğlu /

İranın Livanda "Hizbullah"ı və Fələstində HƏMAS-ı dəstəkləməsinə Qərb və hətta bəzi ərəb ölkələri mənfi reaksiya göstərsə də, rəsmi Tehranın HƏMAS və "Hizbullah"dan əldə etdiyi qazanc itirdiklərindən çoxdur.

İran Hərbi Qüvvələrinin Baş qərargahının rəhbəri general Həsən Firuzabadi sentyabrın 9-da bildirib ki, İran Fələstində HƏMAS təşkilatını dəstəkləməklə öz milli mənafeyini qoruyur. Onun sözlərinə görə, İran beynəlxalq ictimaiyyəti güzəştə məcbur etmək üçün HƏMAS-ı müdafiə edir.

Lakin Qərb və bir çox ərəb ölkələri HƏMAS-ın güclənməsinə mənfi reaksiya göstərirlər və bu təşkilatın İranın əlində alətə çevrilməsini düşünürlər. İran-Ərəb dünyasının əsas problemlərindən biri də İrana bağlı olan ərəb təşkilatlarının fəaliyyətidir.

Suriyanın müstəqil politoloqunun fikrincə, Firuzabadinin sözlərində "əsl həqiqət" var. Belə ki, HƏMAS-a dəstək verməklə, rəsmi Tehran öz milli maraqlarını qoruyur və nüfuzunu artır.

Suriyalı politoloq Hüsni Məhəlli telefonla Dəməşqdən Trend -a bildirib ki, İranın HƏMAS-dan əldə etdiyi qazanc risklərinə dəyər. "İran HƏMAS-a dəstək verməklə, yalnız şiələrin deyil, həm də sünnilərin dəstəyini qazanır və eyni zamanda, İslam dünyasında öz nüfuzunu artır. Bu isə bəzi ərəb ölkələrində qısqanclıq yaradır", - o bildirib.

İranın İraqda Müqtəda əl-Sədrin rəhbərlik etdiyi Mehdi ordusu, Livanda "Hizbullah" və Fələstində HƏMAS-ın güclənməsi bəzi Qərb və ərəb ölkələrində, xüsusilə də Səudiyyə Ərəbistanında şübhə və qorxu ilə qarşılanır. ABŞ-ın müdafiə naziri Robert Geyts sentyabrın 10-da verdiyi bəyanatda ərəb ölkələrini İrana qarşı silahlanmağa və hərbi potensiallarını artırmağa dəvət edib.

İranın ərəb qonşuları ilə əlaqələrinin pozulması təhlükəsi, həmçinin onların regionda hərbi təchizatlarının artması, ABŞ və Fransanın Fars körfəzində hərbi qərargah yaratması tamamilə rəsmi Tehranın mənafeyinə ziddir. Digər tərəfdən, "Hizbullah" və HƏMAS-ı dəstəkləməklə, İran daha çox Qərb ölkələrindən təcrid olunur, xüsusilə də ona görə ki, bu təşkilatlar İsrailin təhlükəsizliyini pozur.

Məhəlli belə düşünr ki, İran üçün regiondakı real təhlükə İsraildir. İran HƏMAS və "Hizbullah"ı dəstəkləməklə, İsrailin yaxınlığında böyük bir təhlükə yaradır. İsrail İranın nüvə obyektlərini bombalasa, İran həmin təşkilatlar vasitəsilə rəsmi Təl-Əvivə təzyiq göstərə bilər.

İranlı ekspert Həsən Hanizadə isə hesab edir ki, İsrail ərəb torpaqlarının işğalının davamını planlaşdırıb və işğal etdiyi ərazini genişləndirməyə çalışır. Bu isə İranda 30 il bundan əvvəl yaranmış İslam İnqilabının prinsiplərinə ziddir. "Beyrutda dörd iranlı diplomatın oğurlanması, Livanın şiə rəhbərlərinin terroru və İranın nüvə obyektlərinin İsrail tərəfindən bombardman edilməsi ehtimalı rəsmi Tehranı vadar edir ki, lazımi tədbirləri həyata keçirsin və bu tədbirlərdən biri də HƏMAS-ı müdafiə etməkdir"- beynəlxalq əlaqələr üzrə iranlı ekspert Hanizadə telefonla Trend -a bildirib.

İran bəzi ərəb ölkələrini İsrail ilə güzəştə getməkdə günahlandırır. Xüsusilə də Səudiyyə Ərəbistanı və Misirin İsrail ilə İran əleyhinə əlbir olmasından şübhəlidir. Rəsmi Riyad və Qahirə isə İranın nüvə proqramını öz mənafelərinə zidd hesab edirlər.

Lakin Hanizadə hesab edir ki, ərəb ölkələri İranla müxalif olsalar da, rəsmi Tehranın İsrail əleyhinə olan mövqeyini dəstəkləyirlər.

Məqalənin hazırlanmasında R.Hafizoğlu iştirak edib.

Xəbər lenti

Xəbər lenti