İran polisi Aşura günü baş vermiş hadisələrdə iştirak etməkdə təqsirləndirilən 40 nəfəri əhalinin köməyi ilə həbs edib. Məlumatı İranın ILNA xəbər agentliyi yayıb.
Məlumatda bildirilir ki, İran polisi tərəfindən Aşura günü baş vermiş hadisələrdə iştirak etməkdə təqsirləndirilən 65 nəfərin şəkilləri yayımlandıqdan sonra əhali onların tapılması üçün polisə kömək edib və 40 nəfər həbs olunub. Hazırda onların törətdikləri cinayətlər barəsində istintaq işi aparılır və onlar dindirilir.
Ötən gün İranın "Etimad-e Milli" partiyasının rəsmi xəbər saytı "sahamnews" məlumat yayaraq bildirmişdiki, İran polisi Aşura günü baş vermiş hadisələrdə iştirak etməkdə təqsirləndirilən 65 nəfərin şəkillərini yayımlayaraq onların tapılması üçün əhalidən kömək istəyib.
İran polisi həmin 65 nəfəri təhlükəsizliyi və ümumi asayişi pozmaqda, İslami şüarları və dini dəyərləri təhqir etməkdə ittiham edib.
Dekabrın 27-də (Aşura günü) Tehranda müxalifət tərəfdaşları ilə polis arasında qarşıdurma baş verib. İran polisinin rəsmi xəbər saytında yayılan məlumatda bildirilir ki, 8 nəfər həlak olub, onlardan yeddisi kişi, biri isə qadındır. Onların adları da açıqlanıb. Beynəlxalq agentliklərin yaydığı məlumata əsasən, həmin gün baş verən hadisələrdə 15 nəfər həlak olub, 550-dən çox şəxs isə həbs olunub. Onlardan bir çoxu siyasi şəxslərdir.