Türkiyənin dövlət naziri Cəmil Çiçək bildirib ki, Ermənistan Konstitusiya Məhkəməsinin Ermənistan-Türkiyə protokolları məsələsinə müdaxilə etməsi həmin sənədlərin ruhuna ziddir. Bu barədə TRT 1 telekanalı məlumat verir.
Çiçək bildirib ki, Ermənistanda yaxın vaxtlarda bu məsələyə aydınlıq gətirilməlidir.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu erməni həmkarı Edvard Nalbandyan ilə telefon söhbətində Ermənistanın Konstitusiya Məhkəməsinin Ermənistan-Türkiyə protokolları məsələsinə müdaxiləsi ilə əlaqədar olaraq narazılığını ifadə edib. Məlumatı CNN Turk çərşənbə günü yayıb.
Davudoğlunun sözlərinə görə, Ermənistanın Konstitusiya Məhkəməsi protokollarla bağlı ilkin şərtlər irəli sürür və bu, gələcəkdə iki ölkə arasındakı münasibətlərdə problemlərə səbəb ola bilər ki, bu da Türkiyə tərəfini narahat edir.
Nazirin sözlərinə görə, Ermənistan tərəfi protokollar məsələsinə Türkiyə kimi diqqətlə yanaşmalıdır.
Ermənistanın Konstitusiya Məhkəməsi ötən il noyabrın 12-də 2009-cu il oktyabrın 10-u Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən imzalanan Ermənistan-Türkiyə protokollarında ("Diplomatik münasibətlərin qurulmasına dair protokol" və "İkitərəfli əlaqələrin inkişafına dair protokol") əks olunan öhdəliklərin ölkənin əsas qanununa uyğun olduğunu təsdiq edib.