Almaniya Kansleri xanım Angela Merkel Ankaraya rəsmi səfərə gəlib. Məlumatı Anadolu informasiya agentliyi yayıb.
Səfər zamanı Merkel Prezident Abdulla Gül ilə görüşəcək, regional əməkdaşlıq və Türkiyənin Aİ-yə daxil olması məsələsini, həmçinin Kipr problemini müzakirə edəcək.
Daha əvvəl Türkiyə KİV-ləri bildirmişdi ki, Ankaraya səfəri zamanı Merkel Türkiyəyə Aİ ilə üstün tərəfdaşlıq statusunun verilməsində təkid etmək niyyətindədir. Fransa ilə yanaşı Almaniya da Türkiyəyə imtiyazlı tərəfdaş statusunun verilməsini təklif edərək Türkiyənin Aİ-yə daxil olması əleyhinə çıxış edib. Türkiyə Aİ-yə daxil olmaq barədə danışıqlara 2005-ci ildə başlayıb.
Ötən həftə Türkiyənin "Milliyət" qəzeti yazıb ki, Merkelin Türkiyə Prezidenti ilə danışığında Kipr məsələsi mühüm yer alacaq və o, Türkiyə tərəfindən Kipr Respublikasında limanın açılışında təkid edəcək.