Əgər Türkiyə Avropa İttifaqına tamhüquqlu üzv qəbul olunmasa, bundan Ankara deyil, Aİ-nin özü ziyan görəcək. Bunu Baş nazir Rəcəb Tayyib Ərdoğan Sarayevoda keçirilən mətbuat konfransında deyib. Məlumatı CNN Turk yayıb.
"Mən əminəm ki, tez və ya gec Türkiyə Avropa İttifaqının bərabərhüquqlu üzvü olacaq. Həmin gün yaxındadır", - Ərdoğan jurnalistlərə deyib. - "Türkiyəsiz Aİ yalnız "xristian klubu" olacaq".
1999-cu ildən Türkiyə Avropa İttifaqına qəbul üzrə namizəd ölkə statusuna malikdir. 2005-ci ildən isə qəbulla bağlı rəsmi danışıqlar aparılır. Belə hesab olunur ki, Türkiyənin Avropa İttifaqına daxil olması qarşılıqlı iqtisadi fayda gətirəcək. Ankara Aİ-nin daxili bazarını nəzərəçarpacaq dərəcədə genişləndirəcək və yerli əhalinin sürətlə qocalmasından əziyyət çəkən Avropa şirkətlərinə işçi qüvvəsi verəcək. Bundan əlavə, türklərin ixtisas, təhsil və Avropanın kübar ənənələrini bilməsi baxımından problemlərinin olmaması da əlavə üstünlük gətirir.
Lakin bəzi məsələlər, məsələn, Kiprin Türkiyə hissəsinin qeyri-müəyyən statusu və Türkiyənin Yunanıstan Kipri ilə nəqliyyat əlaqəsini açmaqdan imtina etməsi, həmçinin Türkiyədə insan hüquqları sahəsində problemlərlə əlaqədar danışıqlar dalana dirənib.
Türkiyə əsas Avropa strukturlarının tərkibinə daxildir. Ölkə 1949-cu ildən Avropa Şurasının (Avropa dəyərlərinin müdafiəsi üzrə ilk ümumavropa təşkilatı), 1952-ci ildən isə Avropanın təhlükəsizlik üzrə əsas təşkilatı - NATO-nun üzvüdür.