İran Prezidenti Mahmud Əhmədinejad bu gün səhər Tehranda fövqəladə vəziyyət zamanı əhalinin sığınacağı üçün ayrılmış "Bəşarət" sığınacağına baxış keçirərkən bildirib ki, Tehran əyalətində hazırda 13 milyon 700 min nəfərdən çox insan yaşayır və Tehranda baş verə biləcək hər hansı bir hadisə üçün hazır olmaq lazımdır.
"Tehranda zəlzələnin başvermə ehtimalı ciddi nəzarətdə saxlanılmalıdır və bu təbii fəlakətə hazır olmaq üçün daim "zəlzələ manevrləri" keçirilməlidir, bütün orqanların hazırlıq vəziyyəti yoxlanılmalıdır", - Əhmədinejad deyib.
Əhmədinejad Daxili İşlər və Səhiyyə nazirliklərinin birgə iş aparmasının və proqramlar hazırlamasının zəruriliyindən danışıb və deyib ki, ehtimal olunan təbii fəlakətlərlə mübarizə aparmaq üçün əhali maarifləndirilməlidir.
Əhmədinejad əlavə edib ki, Tehranda 500-dən çox qəsəbə var və hər bir qəsəbədə ayrıca yardım mərkəzi yaradılmalıdır. "Hər an hazır vəziyyətdə olmaq lazımdır, əgər hazırlıq olmasa, hadisənin törədəcəyi fəsadlar çox olacaq", - o deyib.
Paytaxt Tehran zəlzələ zonasında yerləşdiyi üçün bundan əvvəl paytaxtın köçürülməsi haqqında təkliflər irəli sürülmüşdü. İranda tez-tez güclü zəlzələlər baş verir. Son zamanlarda ən güclü zəlzələ 2003-cü ilin dekabrında Kirman əyalətinin cənub-şərqində yerləşən Bəm şəhərində baş verib. Zəlzələ nəticəsində 31 min insan ölmüş və palçıqdan tikilən qədim qala dağılmışdı.
Ölkədə ən dağıdıcı zəlzələ 1990-cı ilin iyun ayında Rixter cədvəli üzrə 7,7 bal gücündə baş vermiş zəlzələ hesab olunur. Zəlzələ nəticəsində 37 min insan həlak olmuş, Gilan və Zəncan əyalətlərində isə 100 mindən çox insan xəsarət almışdı.