Rəsmi Ankara "Azadlıq donanması"nın Qəzza sektoruna humanitar yüklərin çatdırılmasına görə məsuliyyəti öz üzərinə götürməsindən razılığını ifadə edib. Bu barədə Türkiyə XİN-in mətbuat katibi Burak Özyurgergin bəyan edib. O qeyd edib ki, qərarı bu məsələyə münasibəti olan tərəflər qəbul edib və bu, humanitar aksiyalar baxımından hadisələrin müsbət inkişafını sübut edir. Bu barədə TRT-nin rus xidməti yazır.
Özyurgerginin sözlərinə görə, BMT-nin bu məsələdə konstruktiv mövqeyi Türkiyə tərəfindən müsbət qiymətləndirilir.
Humanitar yardımın çatdırılması barədə qərar BMT-də Humanitar Yardım Fondunun nümayəndələrinin və BMT-nin səlahiyyətli şəxslərinin iştirakı ilə Türkiyədə keçirilən iclasın yekunları üzrə qəbul edilib.
Yeri gəlmişkən, İsrailin Qəzzaya gedən humanitar gəmilərə hücumunun araşdırılması üzrə beynəlxalq komissiyanın yaradılması barədə təşəbbüslər davam edir. Türkiyə Prezidenti Abdullah Gül bəyan edib ki, İsrail komissiyası tərəfindən insidentin araşdırılması Türkiyə üçün qəbuledilməzdir.
Prezident Gül Cənubi Koreyaya rəsmi səfərinin ikinci günü baş tutan Türkiyə KİV-in nümayəndələri ilə görüşü zamanı qeyd edib ki, Türkiyə İsraillə münasibətlər məsələsində yol xəritəsini müəyyən edib və bu ölkə hakimiyyəti tərəfindən açıqlanacaq.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Türkiyə müdafiə sənayesi İcraiyyə Komitəsinin iclasının yekunları üzrə İsrailə qarşı hansısa qərar qəbul edilməyib. Buna səbəb kimi müdafiə sənayesi sahəsində Türkiyə-İsrail sazişinin dövlət səviyyəsində deyil, şirkətlər səviyyəsində imzalanması göstərilir. Bununla əlaqədar olaraq sazişin ləğv edilməsi İcraiyyə Komitəsinin səlahiyyətləri daxilində deyil.