İranın İRNA dövlət informasiya agentliyinin sabiq baş direktoru Məhəmməd Cavad Behdada 7 ay azadlıqdan məhrumedilmə cəzası verilib. Bu barədə İranın parlemannews.ir xəbər saytı məlumat verir.
Məlumatda bildirilir ki, İranın İnqilab Məhkəməsinin mətbuatla bağlı mübahisələri araşdıran qurumun hakimi Siyamət Müdirxorasani münsiflərin rəyi ilə razılaşmayaraq onu cinayətdə təqsirli bilib, 7 ay azadlıqdan məhrumetmə cəzası təyin edib. Behdad həqiqətə uyğun olmayan materialların yayımlanması və İranın Məsləhət Şurasının sədri Ayətullah Haşimi-Rəfsəncani, İran Parlamentinin spikeri Əli Laricani və onun qardaşı, İranın məhkəmə sisteminin rəhbəri Sadiq Laricanini təhqir etməkdə ittiham olunur.
Məhəmməd Cavad Behdad hazırda İranın Prezident Aparatının siyasi məsələlər şöbəsinin müdir müavini vəzifəsində çalışır. İRNA dövlət informasiya agentliyinin yeni baş direktoru İran Prezidentinin mətbuat üzrə müşaviri Əli Əkbər Cavanfekrdir.