...

Səudiyyə Ərəbistanı Pakistana 200 milyon dollardan artıq humanitar yardım edib

Dünya xəbərləri Materials 7 Sentyabr 2010 11:46 (UTC +04:00)
Səudiyyə Ərəbistanı Pakistana ümumi məbləği 242 milyon dollar həcmində humanitar yardım edib.
Səudiyyə Ərəbistanı Pakistana 200 milyon dollardan artıq humanitar yardım edib

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir Ü.Sadıqova/

Səudiyyə Ərəbistanı Pakistana ümumi məbləği 242 milyon dollar həcmində humanitar yardım edib. Bu məbləğə dağıdıcı daşqınlardan zərərçəkən rayonların sakinlərinin çadırlarla, zəruri qida məhsulları, hospital və tibbi ləvazimatlarla təmin olunması, eləcə də Pakistan əhalisinə humanitar yardım göstərmək üçün yaradılan BMT-nin müxtəlif strukturlarına iri donor yardımlarının göstərilməsi də daxildir. Bu barədə Səudiyyə Krallığının çərşənbə axşamı Trend-ə daxil olan məlumatında deyilir.

Səudiyyə Ərəbistanı Kralı Abdulla bin Əbdüləziz mülki müdafiə qüvvələrinin xilasetmə bölmələrinin Pakistanın təbii fəlakətdən zərərçəkmiş rayonlarına göndərilməsi barədə də göstəriş verib.

Pakistanda güclü leysan yağışlarının səbəb olduğu daşqınlar son 80 il ərzində regionda ən dəhşətli fəlakət sayılır. Təbii fəlakət nəticəsində minlərlə ev dağılıb, daha çox ziyan dəyən regionlarda sel-suların güclü axını bütöv kəndləri yuyub-aparıb. Son məlumatlara görə, daşqınlardan bu və ya digər dərəcədə ziyançəkən pakistanlıların sayı 20 milyon nəfər təşkil edir; 1,6 mindən çox adam həlak olub.

Bununla yanaşı, Səudiyyə Ərəbistanından Pakistana avqustun əvvəllərində yaradılan hava körpüsü vasitəsilə humanitar yardımların daxil olması davam edir. İndiyədək Səudiyyə Ərəbistanına məxsus təyyarələr 22 aviareys həyata keçirərək, Pakistanın Kvetta, Pişəvər, Lahor və Multan şəhərlərinə onlarca ton ərzaq və dərman, çadırlar, geyim və ilkin tələbat malları çatdırıblar.

Ölkədə keçirilən Pakistan üçün ianə toplanması üzrə xeyriyyə kampaniyası çərçivəsində, Kral Səudiyyə Ərəbistanı əhalisi adından 300 milyon Səudiyyə rialı (80 milyon dollar) təqdim edib. Xeyriyyə kampaniyasının keçirilməsi üzrə komitə daşqından zərərçəkmiş rayonlara göndərilmək üçün 200 ton ərzaq hazırlayıb.

Xəbər lenti

Xəbər lenti