...

İranın hazırkı mövqeyi "5+1" ölkələrindən üstündür - Trend-in icmalçısı

Dünya xəbərləri Materials 20 Oktyabr 2010 09:00 (UTC +04:00)
Trend-ın fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu
İranın hazırkı mövqeyi "5+1" ölkələrindən üstündür - Trend-in icmalçısı

Trend-ın fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu

İran və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü, üstəgəl,  Almaniyanı təmsil edən Avropa Birliyinin xarici siyasət məsələləri naziri Ketrin Eşton noyabrın 15-dən 18-dək (çox ehtimal ki, Vyanada) növbəti müzakirələrini keçirəcək. İranın nüvə proqramı ilə bağlı tərəflərin sonuncu müzakirəsi keçən ilin oktyabrında baş tutmuşdu, lakin son 1 il ərzində İran və Qərb ölkələrinin əllərindəki "kozır"larda və onların mövqelərində diqqətəçarpacaq dəyişiklik baş verib.

Növbəti görüşdə müzakirələri Eşton və İran Ali Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili  aparacaqlar. İran xarici işlər nazirinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, müzakirələrin mövzusu - İran və "5+1" ölkələrinin "təkliflər paketi" üzərində olacaq. Onun dediyinə görə, ola bilsin, müzakirələr İranın təkliflər paketi üzərində, yaxud tərəflərin irəli sürdükləri təkliflər paketinin müştərək məqamları üzərində aparılsın.

İran keçən ilin sentyabr ayında "5+1" ölkələrinə (Rusiya, Böyük Britaniya, ABŞ, Çin, Fransa + Almaniya) təhvil verdiyi təkliflər paketində ümumi mövzular haqqında, o cümlədən, Əfqanıstan və Yaxın Şərqdə sabitliyin bərpası üzrə müzakirələr aparmağa hazır olduğunu bildirmişdi. ABŞ isə İranın nüvə proqramının müzakirə prioriteti olmasının vacibliyini vurğulayaraq, Tehranın təkliflər paketini "qeyri-ciddi" adlandırmışdı. ABŞ İranın təkliflər paketini qəbul etməmişdi. Lakin İran Prezidentinin ötən həftə Livana səfəri zamanı xalq tərəfindən misli görünməyən səviyyədə qarşılanması, seçkilərdən 7 ay ötməsinə baxmayaraq, hələ də hökuməti təşkil edə bilməyən İraqın böhrandan çıxması üçün Baş nazir Nuri əl-Malikinin məcburiyyət qarşısında İrana səfəri və bu ölkədən yardım istəməsi, habelə, ABŞ, Avropa və Əfqanıstan rəsmilərinin dəfələrlə İrandan Əfqanıstanda sabitliyin yaranmasında yardım diləmələri göstərir ki, İran regionda olan nüfuzundan yararlanıb, ölkənin nüvə proqramına dair "5+1" ölkələri ilə müzakirələrdə geri çəkilən deyil.

ABŞ-ın Pakistan və Əfqanıstan üzrə xüsusi nümayəndəsi İtaliyanın Roma şəhərində keçirilən Əfqanıstanın təhlükəsizliyi ilə bağlı konfransda İranın Əfqanıstanın sabitliyində rolunun əhəmiyyətli olduğunu vurğulayıb.

Əslində, İraqda sabitlik 2007-ci ildə - ABŞ və İranın İraqdakı səfirləri arasında keçirilən 3 mərhələ müzakirələrdən sonra xeyli dərəcədə yaxşılığa doğru irəliləyib və ABŞ İranın regionda nə dərəcədə nüfuzlu olduğunu bilir.

Qərb İrandan tələb edir ki, yalnız nüvə proqramı üzrə müzakirəyə qoşulsun, lakin, çətin ki, İran regiondakı nüfuzuna göz yumsun. İranın "5+1" ölkələri ilə mövqedə yüksəkdə olması yalnız regiondakı nüfuzu ilə deyil, həm də son bir ildə nüvə  sahəsində əldə etdiyi uğurlarından da ibarətdir.

Keçən ilin oktyabrında Qərb Tehrandan "Əmirabad" reaktorunun yanacağının təmin edilməsi məqsədilə İrandan 1 200 kq zəif dərəcədə (3,5 faiz) uran ehtiyatını,120 kq 20 faizlik uran boruları ilə dəyişməyi təklif etmişdi; hansı ki o zaman İranın zəif uran ehtiyatı 1 500 kq idi. Beynəlxalq Atom Enerjisi Təşkilatının İranın nüvə proqramı üzrə 30-cu məruzəsində bu təşkilatın baş katibi Yukiya Amano bildirib ki, rəsmi Tehran hazırda 2 800 kq (3,5 faiz) zəif uran ehtiyatına malikdir, yəni keçən illə müqayisədə İranın 3,5 faizlik uran ehtiyatı, təxminən, 2 dəfə artıb.

Baxmayaraq ki, İran "5+1" ölkələri ilə müqayisədə müzakirələrdə yüksək mövqedədir,  BMT Təhlükəsizlik Şurası bu ölkəyə qarşı 6 qətnamə çərçivəsində 4 dövr sanksiya tətbiq edib; xüsusilə iyun ayında qəbul olunan 1929 saylı qətnamədən sonra, İranın iqtisadi vəziyyəti pisləşib. Digər tərəfdən, ABŞ və Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi birbaşa sanksiyalar, demək olar ki, bütün böyük enerji təşkilatlarını İrandan uzaqlaşmağa məcbur edib. 85 faiz gəlirlərini neft və neft məhsullarından təmin edən rəsmi Tehranın son bir ildə neft ixracatı 13 faiz azalıb.

İran sanksiyalardan müəyyən vasitələrlə qorunmağı bacarıb; xüsusilə Çin şirkətləri Qərb şirkətlərinin yerini İranın enerji sahəsində sürətlə doldurur. Yəni, İran Qərb ölkələrinin sanksiyalarına dözə bilir. Belədə sual yaranır ki, bəs Qərb ölkələri necə, regionda, xüsusilə də İraq, Əfqanıstan, Yəmən, Livan və Fələstindəki problemlərə hazırda dözmək iqtidarındadırmı? Fikrimcə, İran ona qarşı tətbiq olunmuş sanksiyalara müəyyən vaxta qədər dözümlülük göstərə biləcək, lakin Qərb ölkələri regionda batdığı bataqlıqdan çıxmaq üçün, İranın "təkliflər paketi"ni prioritet kimi gözdən keçirmək məcburiyyətindədir.

Xəbər lenti

Xəbər lenti