İranın Sistan və Bəluçistan əyalətinin Çabahar şəhərində baş verən terror aktına görə məsuliyyəti "Cundullah" qruplaşması öz üzərinə götürüb. Bu barədə "Mehr" informasiya agentliyi Dubayın "Al-Arabia" telekanalına istinadən məlumat verib.
Çərşənbə günü səhər saat 10:30 radələrində İranın Sistan və Bəluçistan əyalətinin Çabahar şəhərinin cənub-şərqində İmam Hüseyn məscidinin yaxınlığında baş vermiş terror aktı nəticəsində imamın ölümünün ildönümü ilə əlaqədar məscidə gələn onlarla insan həlak olub. Məlumatı IRNA informasiya agentliyi yayıb.
Sistan və Bəluçistan əyalətinin rəhbəri Əli Məhəmmədizadənin sözlərinə görə, həlak olanların sayı 38 nəfərdir, onların arasında bir qadın və üçaylıq körpə də var, 55 nəfər isə yaralanıb. Bu barədə "Irinn" telekanalı məlumat verib. O həmçinin əlavə edib ki, terrorçulardan biri partlayış zamanı həlak olub, ikincisi isə qaçmağa cəhd göstərərkən öldürülüb. Bununla da o, ISNA agentliyinin partlayışda əli olan adamlardan birinin həbs edilməsi barədə yaydığı məlumatı təkzib edib.
Bir müddət əvvəl təcili yardım xidmətinin rəhbəri Qulamrza Məsumi bildirib ki, yaralıların sayı 60 nəfərdir və İranın bütün cənub-şərq ərazisində, xüsusilə də Kirman əyalətində xəstəxanalar yaralıları qəbul etməyə hazır vəziyyətdədir. Məlumatı ISNA agentliyi yayıb.
Bəluç sünnilərinin təşkilatı olan "Cundullah" ("Allahın döyüşçüləri") qruplaşması 2003-cü ildə yaradılıb və İranda, eləcə də qonşu Pakistandakı Bəluçistan əyalətində fəaliyyət göstərir. İran hakimiyyəti "Cundullah"ı kütləvi qətllər, silahlı basqınlar, adam oğurluqları, partlayış və təxribatlar törətməkdə günahlandırır. Tehran bəyan edir ki, "Cundullah" qruplaşması ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları ilə əlbirdir.
2010-cu il iyulun 16-na keçən gecə Zahidanda "Cami" məscidinin qarşısında iki kamikadze partlayıcı qurğunu işə salıb. Terror aktı nəticəsində həlak olanların sayı 27 nəfərə çatıb, 270 nəfər yaralanıb. Dubayın "əl-Ərəbiyyə" telekanalının verdiyi məlumata görə, terror aktına görə məsuliyyəti rəhbərləri Əbdülməlik Riqinin edam edilməsinə cavab olaraq, "Cundullah" qruplaşması öz üzərinə götürüb.
Təşkilatın üzərinə götürdüyü son terror aktı 2009-cu ilin oktyabrında İranın cənub-şərqində baş verən və 50 nəfərə yaxın insanın həyatına son qoyan partlayış olub.