Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir T.Cəfərov/
İranın Neft və Xarici İşlər nazirliklərinin səyi nəticəsində adı beynəlxalq sanksiyalarda çəkilən sabiq "Sepah" generalı və hazırkı neft naziri Rüstəm Qasımiyə qarşı qəbul olunmuş sanksiya ləğv edilib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, Qasımi artıq OPEK-in Vyanada keçirilən iclasında iştirak etmək üçün Avstriyaya səfər edəcək.
Avropa İttifaqı və ABŞ indiyədək Qasıminin "qara siyahı"dan çıxarılmasını rəsmən təsdiqləməyiblər.
İran Prezidenti Mahmud Əhmədinejad iyul ayında 4 nazir postuna yeni namizədlər irəli sürmüşdü. Əbdülrza Şeyxülislaminin kooperasiya, əmək və ictimai təminat naziri, Mehdi Qəzənfərinin sənaye, mədən və ticarət naziri, Rüstəm Qasıminin neft, Məhəmməd Abbasinin isə idman və gənclər naziri postuna namizədliyi irəli sürülmüşdü.
Xatəmul-Ənbiya Qərargahının sabiq rəhbəri və İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) komandirlərindən olan Rüstəm Qasiminin adı BMT Təhlükəsizlik Şurasının 1929 saylı qətnaməsində, Avropa və ABŞ-ın sanksiyalarında çəkilir.
İran 2011-ci ilin yanvarından 36 il ərzində ilk dəfə olaraq OPEK-ə rəhbər seçildi. Bu müddət ərzində ölkənin neft naziri vəzifəsinə bir neçə təyinat olub. İslam Respublikasının sabiq neft naziri Məsud Mirkazımi neft ixrac edən ölkələrin təşkilatına sədr seçilsə də, sonradan o, istefaya göndərildi. Bundan sonra OPEK-də İranı Neft Nazirliyinə müvəqqəti rəhbər seçilmiş Məhəmməd Əliabadi təmsil etdi. Qasımi neft naziri seçildikdən sonra, OPEK-ə sədrlik də ona keçdi, lakin sanksiyalara görə onun beynəlxalq tədbirlərdə iştirakı şübhə altında idi.
OPEK ölkəlkələrinin növbəti iclası dekabrın 14-də Avstriyanın paytaxtı Viyanada keçiriləcək.